Rusiya bundan sonra da həm ATƏT çərçivəsində, həm də Rusiya-Ermənistan-Azərbaycan formatında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ən aktiv vasitəçilik fəaliyyətini davam etdirməyə hazır olacaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla birgə mətbuat konfransı zamanı deyib.
O bildirib ki, Dağlıq Qarabağ nizamlanması barədə danışarkən tərəflər arasında danışıqların fəal və konstruktiv irəliləməsi üçün səylərin aktivləşdirilməsinin vacibliyi vurğulanıb:
"Biz mövcud razılaşmaları, o cümlədən bu ilin aprelində Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin və üç həmsədrin görüşündə əldə olunmuş razılaşmaları nəzərə almaqla gərginlik zonasının zəiflədilməsi üçün növbəti addımların zəruriliyini təsdiq etdik. Nazirlər tərəfindən razılaşdırılmış bu addımların reallaşdırılmasını davam etməyi vacib hesab edirik".
1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.
Sorğu
Yeni dizaynımız necədir?