Duqin: “Süleymaninin ölümü “son müharibənin” başlanğıcı oldu... ...onlar ya Qərbin peykləri kimi yola davam edəcəklər və ya çoxqütblü dünyanın yanında olacaq və öz gələcəklərini bu yolda inşa edəcəklər”... Aleksandr Dugin “Aydınlık” qəzeti, Türkiyə
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələri Komandiri General Qasım Süleymaninin 3 yanvar 2020-ci ildə amerikan raketləri ilə öldürülməsi Yaxın Şərq siyasətinin formalaşmasında tamamilə yeni bir məqam yaradıb.
Yaxın Şərq dünya geosiyasətindəki qlobal istiqamətləri özündə əks etdirən bölgədir. Buna görə də Süleymaninin öldürülməsi də böyük ölçüdə dünya nizamına təsir edəcək qədər önəmli hadisə idi. Təsadüfi deyil ki, bir çox müşahidəçilər Suriya və İraqda İŞİD-lə mübarizənin qəhrəmanı general Süleymaninin ölümünü Üçüncü Dünya Müharibəsinin başlanğıcı və ya ən azından ABŞ-ın İrana qarşı aparacağı müharibənin başlanğıcı kimi şərh ediblər. İranın 8 yanvar 2020-ci ildə İraqda Amerikanın iki hərbi bazasına raket zərbəsi endirməsi də bu analizi təsdiqləyir: Süleymaninin ölümü “son müharibənin” başlanğıcı oldu.
2020-ci ilin ilk günlərində baş verən bu hadisələrin miqyasını nəzərə alaraq onların təhlilini daha geniş kontekstdən aparmaq lazımdır. Bu kontekstdə, hazırda baş verənləri 20-ci əsrin sonlarında Qərbin (xüsusən ABŞ-ın) qeyri-müəyyən hökmranlığı altında yaranan təkqütblü dünya sisteminin çökməsi kimi dəyərləndirmək olar. Putin Rusiyasının suveren və müstəqil bir güc olaraq tarixi yerinə geri qayıtması və Amerika-Çin münasibətlərinin ticarət müharibəsi səviyyəsinə çatması getdikcə daha aydın görünən çoxqütblü dünyaya keçidlə əlaqələndirmək olar.
Prezident Tramp seçki kampaniyasında seçicilərinə vəd edib ki, o, çoxqütblülüyə dəstək verəcək, digər ölkələrin xarici siyasətlərinə qarışmayacaq, neo-imperializm və qloballaşmanı məhdudlaşdıracaq. Lakin Süleymani sui-qəsdi ilə Tramp bu ehtimalı tamamilə heçə saydı və ABŞ-ın tək qütblü dünyanı qorumaq üçün səylə vuruşan qüvvələr arasında olduğunu bir daha təsdiqləmiş oldu.
Amerikalı neo-mühafizəkarlar və xristian sionistlər bu son hadisələrdə Trampın arxasında gizlənirlər. Lakin başlayacaq olan müharibə yeni şərtlərdə ortaya çıxacaq: Rusiyanın beynəlxalq siyasətdəki uğuru, Çin iqtisadiyyatının güclü yüksəlişi və Moskva ilə Pekin arasındakı inkişaf edən münasibətlər çoxqütblü dünyanı reallığa çevirib və Hindistan kimi böyük ölkələrlə yanaşı, İran, Türkiyə, Pakistan kimi bölgədə lider olan ölkələrə, Ərəb dünyasına, Latın Amerikası və Afrika ölkələri də daxil olmaqla, bütün digər ölkə və mədəniyyətlərə bu düşmən quruluş qarşısında öz yerlərini seçmək imkanı yaratdı. Yəni onlar ya Qərbin peykləri kimi yola davam edəcəklər və ya çoxqütblü dünyanın yanında olacaq və öz gələcəklərini bu yolda inşa edəcəklər.
Trampın intiharı
3 yanvar 2020-ci ildə İraqda baş verən faciəli hadisələr ətrafında tamamilə yeni bir vəziyyət meydana gəldi: amerikalılar tərəfindən öldürülən general Süleymani çoxqütblü dünyanın önəmli bir siması idi və nəinki İslam İnqilabı Keşikçilərinin və İranın, hətta bütün çoxqütblü güclərin nümayəndəsi idi. Süleymanin yerində ABŞ tərəfindən Krımla yenidən birləşməkdə və ya Donbasdakı qarşıdurmada iştirak etməkdə günahlandırılan bir rus əsgəri, kürd terrorçularına qarşı mübarizədə özünü göstərmiş bir türk generalı və ya Amerika maliyyə sisteminə ciddi zərər verən bir Çin bankiri də ola bilərdi. Süleymani beynəlxalq hüququn bütün normalarına məhəl qoymayan və təkqütblü dünya tərəfdarları tərəfindən öldürülən çoxqütblü dünyanın simvolik bir siması idi.
Tramp Süleymanini aradan götürməklə müharibə riskini və digər tərəflərin etirazlarını heçə sayaraq tamamilə öz bildiyi kimi hərəkət etdi. Əvvəlki ABŞ prezidentləri kimi Tramp da belə bir məntiqlə hərəkət edir: ABŞ kimin pis, kimin yaxşı adam olduğuna qərar verə bilər və pis hesab etdiyi şəxslərə qarşı həmlələr edə bilər.
Nəzəri olaraq, ABŞ yönəticiləri Putini, Si Tsipinini və ya Ərdoğanı da “pis adam” adlandıra bilərdi. Əsas məsələ onların bu zərbələri (Ərdoğanın üzü-üzə qaldığı vəziyyət kimi) və ya “rəngli inqilabları” (İranın daim üzləşdiyi və “beşinci kalon” liberalların köməyi ilə Qərbin Rusiyada həmişə qızışdırmağa çalışdığı kimi) qarşısında özlərini necə müdafiə edəcəyidir. Tramp həm Respublikaçı, həm də Demokrat hökumətlərin bu cür siyasətlərini sərt şəkildə tənqid etsə də, Süleymanini öldürməyə qərar verərək onlardan çox da fərqlənmədiyini göstərdi.
Bu durum təkqütblülükdən çoxqütblülüyə keçid üçün çox vacib bir məqamdır. Tramp bu keçidin dinc yolla həyata keçə biləcəyini vəd edirdi, lakin bu ümidlər 3 yanvar 2020-ci ildə itirildi və Tramp da digərləri kimi adi bir Amerika prezidenti oldu. Yəni o, pis rəhbər deyil, amma daha yaxşı da demək olmur. O, ABŞ-ın ağlını itirmiş, zərərli və hələ də təhlükəli olan, eyni zamanda “sonuncu müharibə”dən qaçmaq şansı olmayan imperialist əjdaha olduğunu bir daha sübut etdi. Bununla yanaşı, Tramp həm özünün, həm də ABŞ-ın gələcəyini çoxqütblü dünyanın bir qütbü kimi sarsıtdı. Bunu etməklə gələcək Amerikanın ölüm əmrini imzaladı.
Get-gedə güclənən çoxqütblü dünya üçün ABŞ artıq mərkəzdəki oyunçu deyil, sadəcə olaraq digər oyunçulardan biridir. Tramp Süleymaniyə sui-qəsd etməklə təkcə Tehranı deyil, Bağdadı, Ankaranı, Moskvanı və Pekini də hücum obyekti halına gətirdisə, ABŞ da artıq eyni vəziyyətdədir. Amerika hegemonluğunun güclənməsi artıq müharibə şəraiti yaradır. Çünki bu təkqütblülüklə və çoxqütblülük arasında gedən münaqişəni əsas subyektə çevrilmək uğrunda aparılan bir müharibədir. Bu günkü dünyada iki əsas subyekt ola bilməz: ya Trampın israr etdiyi kimi yalnız bir qütb ola bilər, ya da Rusiya, Çin, İran, Türkiyə və digər bütün ölkələrin strategiyalarının əsasını təşkil edən çoxqütblülük ola bilər.
Çoxqütblü qüvvələrin uğuru: Amerikanın sonu
Qlobal güc balansının təhlili dünya siyasətinin bütün strukturunu olduqca kəskinləşdirir, çünki mövcud vəziyyəti yenidən Corc Buş, Obama və Hilari Klintonun iqtidar ruhuna gətirib çıxarır. Hilariyə istehza edərək onu ələ salan Tramp əli qanlı qlobalist bir cadugər kimi meydana çıxmışdı. Ancaq son hadisələr - Rusiyanın Yaxın Şərqdəki mövqeyini gücləndirməsi, xüsusən də Suriyadakı böyük uğurları, Rusiya və Çinin yaxınlaşması və Putinin Avrasiya strategiyası ilə “Bir Kəmər - Bir Yol” layihəsinin birləşdirilməsi dünyadakı güc balansını ciddi şəkildə dəyişdirib. Əvvəla, bu bölgədə fırtına qopacağı bir çox analitik tərəfindən yekdilliklə qəbul edilib.
General Süleymaninin öldürülməsindən sonra qaçınılmaz hadisələrin inkişafı, bir tərəfdən ABŞ-ın və Qərbin İsrail, Səudiyyə Ərəbistanı və bəzi Körfəz ölkələri kimi regional vəkillərini, digər tərəfdən də Rusiya, Çin, İran, Türkiyə və digər çoxqütblü qüvvələri yeni bir səviyyəyə daşıyıb. ABŞ rəqiblərinə qarşı sanksiyalardan və ticarət müharibəsi siyasətindən istifadə edir və getdikcə dünyanın daha böyük bir hissəsi və həmçinin Asiya və Avropa şirkətləri (xüsusilə də alman şirkətləri) “Şimal axını” layihəsində iştirak etdiyi üçün sanksiyalara məruz qalırlar. Bu, “tərəfdarlarına” qul kimi yanaşan və onları fiziki cəza ilə idarə edən Amerika hegemonluğunun bir təzahürüdür.
ABŞ-ın heç bir dostu yoxdur, yalnız qulları və düşmənləri var. Bu vəziyyətdə “dünyanın yeganə super gücü” bu dəfə demək olar ki, dünyanın qalan hissəsi ilə qarşıdurma yaşamağa doğru gedir. Bu günün “qullar”ı hər fürsətdə, şübhəsiz ki, təkqütblü əməkdaşlıqdan qaçmağa çalışacaqlar.
Vaşinqton Trampı seçən Amerika xalqının iradəsindən heç bir dərs götürməyib. Xalq Corc Buş və Obamanın siyasətini davam etdirilməsinə deyil, bu siyasətlərin kökündən rədd edilməsinə səs vermişdi. Amerikalı (daha geniş şəkildə, qlobal) elitalar bunu nəzərə almadılar, bunun əvəzinə hər şeyi “rus hakerləri”in və “bloqqerlər”in intriqaları kimi gördülər. İndi Tramp bütün məntiqini itirən, təcavüzkar qlobalist elitaya yenidən əl uzatdığı üçün Amerikanın “səssiz çoxluğunun” yalnız bir seçimi var: Amerika hökumətindən tamamilə uzaqlaşmaq.
Hətta Tramp qlobalistlərin əlində oyuncağa çevrilibsə də, bu, siyasi mübarizənin qanuni vasitələrinin tükəndiyini göstərir. Ümumiyyətlə, general Süleymaninin öldürülməsi ABŞ-da ümumi vətəndaş müharibəsinin başlanması ilə özünü göstərəcək. Əgər kimsə cəmiyyətin iradəsini ifadə etməsə, cəmiyyət özü passiv təxribat üsuluna keçər. ABŞ-da gözlənilən hadisə də tam olaraq budur. Tramp yenidən seçməsə belə, Amerika xalqı tamamilə mədəni və siyasi ənənələri ruhu ilə çoxqütblülüyü seçəcək. Lakin bu, Ağ Evdəki rəhbərə qarşı deyil, qlobalist elitalar tərəfindən “dəstəklənən” dövlətə qarşı üsyan olacaq. Süleymaninin qətli Amerikanın sonudur.
Təkqütblü cəbhədə böhran
ABŞ-ın avropalı tərəfdaşları çoxqütblü düşərgə hər hansı bir qarşıdurmaya hazır deyillər. Nə “Şimal axını”na görə zərbə alan Merkel, nə “Sarı Jiletlilər”in qəzəbinə məruz qalan və indi də populizmlə (rus və Avropa ordusunun yaradılması məsələsindəki “xüsusi mövqeyi” ilə) qarşılaşdığını anlayan Makron, nə də İngiltərəni liberal AB-dən xilas edən Boris Conson Vaşinqtonun təkan verdiyi Üçüncü Dünya Müharibəsinə atılmağı arzulamır. NATO da artıq Yaxın Şərqdə ya da (türklərin “Mavi Vətən” adlandırdığı) öz suveren nəzarət sahəsi olan Şərq Aralıq dənizində, ABŞ-ı dəstəkləməyən Türkiyənin ətrafında, gözümüzün qarşısında parçalanır.
Tamamilə məntiqsiz olan şey də odur ki, Vaşinqton İsrailin ərəb və İslam dünyası ilə münasibətlərini pozmasına dəstək verir. Eyni zamanda, Tramp, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə olan ortaqlığını ABŞ üçün ümidverici olmayan bir maliyyə razılaşması səviyyəsinə endirib.
Beləliklə, ABŞ tək qütblülük və davamlı güclənən çoxqütblülük arasındakı çəkişmələrin fonunda və əvvəlkindən daha pis şərtlərlə Üçüncü Dünya Müharibəsinə başlayır. Bu şəraitdə Tramp yenidən seçilməlidir, çünki həmişə olduğu kimi, onu Süleymanini öldürməyə məcbur edənlər yenidən onu devirməyə çalışacaqlar. Süleymaninin qətlindən sonra həm müharibə, həm də sülh siyasəti Trampın mövqeyini sarsıdır.
Süleymani sui-qəsdi ölümcül bir qərar idi. Trampın bu intihar cəhdini dəstəkləyən Avropa sağ populistlərinin mövqeləri də ciddi şəkildə zərər görüb. Məsələ burasındadır ki, Avropanın sağ populistləri tək qütblülük içində yox olub getməyə hazırdırlar və bu da hər kəsi məhv edə bilər.
Çoxqütblü dünyanın yeni ümidləri
General Süleymaninin qətlinin bəzi nəticələri artıq göz qabağındadır. İran Pentaqonu İŞİD-lə birlikdə ortaq terror təşkilatı elan edib. Yəni bu, o deməkdir ki, Süleymaninin başına gələnlər hər hansı bir Amerika əsgərinin də başına bilər.
ABŞ İranın İraqdakı Amerika bazalarına raket hücumları etməsinə bir cavab vermədiyi üçün İran öz döyüş qabiliyyətinə tamamilə arxayın olacaq və Rusiyaya güvənərək yenidən silah istehsalına başlayacaq. Bu şəraitdə İranın nüvə silahı sazişindən çıxacağını əvvəlcədən elan etməsi çox vacibdir. Çünki artıq itirəcək heç bir şeyi qalmayıb.
Bir digər İslam dövləti olan Pakistan artıq nüvə silahına sahibdir. İranın digər regional rəqibi olan İsrail də eyni durumdadır. Tehranın indi rəsmi olaraq “terrorçu” kimi qəbul etdiyi tərəflərlə razılığa gəlməsi üçün heç bir səbəb yoxdur.
Şiə əhalisinin çoxluq təşkil etdiyi İraqın mövqeyi də bu baxımdan çox vacibdir. General Qasım Süleymani bütün şiə aləminin gözündə şübhəsiz bir qəhrəman idi. Buna görə İraq parlamenti bütün Amerika qüvvələrinin dərhal İraq ərazisindən çəkilməsini tələb edib.
Əlbəttə ki, demokratik bir məclisdən çıxan bu qərar amansız Amerika qatilləri üçün kifayət deyil. Çünki onlar qazanc əldə edə biləcəkləri hər yerə girirlər. Ancaq bu, təkcə şiələrin deyil, həm də radikal şəkildə Amerika əleyinə olan sünnilərin də qərarı idi (buna görə, Səddam Hüseynin sünni tərəfdarları şiələrin razılaşmağa məcbur olduğu amerikalılara qarşı İŞİD-ə qoşuldular). İndi həm iraqlılar, həm şiələr, həm də sünnilər Amerika qoşunlarının geri çəkilməsini tələb edirlər, çünki hazırda ABŞ-ın xəyanət etdiyi bəzi kürdlər istisna olmaqla, demək olar ki, bütün İraq əhalisi işğalçılara qarşı silahlı mübarizəyə başlamağa hazırdır. İraq amerikanlara qarşı savaşarkən İrandan və Türkiyədən dəstək aldığı kimi, birlikdə çoxqütblülüyü təmsil edən Rusiyadan və qismən də Çindən dəstək ala bilər.
Bu vəziyyətdə Rusiyanın mövqeyi çox vacibdir: bir tərəfdən Rusiya tərəfsiz qalaraq, öz səmimiyyətini və İraqın suverenliyini bərpa etmək istəyini göstərərək etnik qruplar və dini cərəyanlar arasındakı regional münaqişələrə qarışmamağı üstün tutur, digər tərəfdən də İraqın azadlıq və müstəqillik mübarizəsinin (Rusiyanın Suriyada və ya indi Liviyada bütün gücünü nümayiş etdirdiyi kimi) dəstəklənməsi üçün ona silah dəstəyi verir. İraq indi bütün dünya siyasətinin əsas platformasına çevrilir. İndi biz Yaxın Şərqin qəlbində yerləşən dünyanın ən qədim sivilizasiyası ilə, daha doğrusu bir zamanlar “yer üzünün cənnəti” olmuş, lakin bu gün tamamən cəhənnəmə çevrilmiş torpaqların savaşları ilə üz-üzəyik.
Bu şəraitdə ən başlıcası qlobal miqyasda Trampın “ölümcül səhvi” olaraq qəbul edilməli olan şeydən istifadə etməkdir. General Süleymani sui-qəsdi ABŞ-ın mövqeyini möhkəmləndirmədi, əksinə onu çoxqütblülüyə doğru dinc keçid ssenarisindən kənarlaşdırdı və Amerika siyasətinin uğurlu və uzunmüddətli bir islahat şansını Trampın əlindən aldı.
Ərtafındakı xalqların qəzəbinə tuş gələn İsrailin vəziyyəti olduqca problemlidir. Təkqütblü dünya nizamının məhvi ilə İsrailin də itib getməsi gözləniləndir. İsrailin bu cür intihar addımlarına sövq edilməsinə görə Trampa və İsrailin ifrat sağına “təşəkkür” edilməlidir...
Rusiya çalışır və qazanır
Bəs Rusiya? Rusiya açıq şəkildə İranı seçməyə tələsməsə də, bir qrup İran elitası həm ABŞ-la danışıqlar aparmağa və həm də Moskva ilə yaxınlaşmamağa üstünlük verib. Hər iki qüvvə Moskva-Tehran bucağını qırmağa və hər şeyə rəğmən iranlıların və rusların təkqütblü dünyaya qarşı mübarizə apardığı Suriyada rus-şiə ittifaqının qarşısını almağa çalışır. Bu cür təşəbbüslər, şübhəsiz, davam edəcək və qlobalistlər İrandakı “rəngli inqilab” strategiyalarından mühafizəkarları devirmək və İranı vətəndaş müharibəsini xaosuna sürükləmək üçün istifadə edəcəklər. Qərb Rusiya üçün də eyni ssenariyə başlamağa hazırdır və bu, Rusiyanın müstəqilliyini və çoxqütblü siyasətini təmsil edən Putinin rəhbərlik dövrünün sonuna yaxınlaşdıqca getdikcə daha da önəm qazanır.
Təkqütblü dünyasının sonu gəldi, lakin onun döyüşmədən imtina edəcəyini düşünmək ağılsızlıq olar. Üstəlik, general Süleymanın öldürülməsi gələcək üçün dinc bir ssenarini ortadan qaldırır. Çünki Tramp və Vaşinqtonun dünya nizamındakı bu dəyişikliyi könüllü olaraq qəbul etməsi və ABŞ xaricində hər hansı bir gücün mövcudluğunu tanıması gözlənilmir.
Çoxqütblü dünyanın qüvvələri -Rusiya, Çin, İran, Türkiyə, İraq və digərləri - üçün geridə qalan yeganə şey çox qütblülüyə qarşı çıxan hər kəsi buna məcbur etməkdir. Nəticədə, bu, heç kimi rus və ya Çin hökmranlığını qəbul etməyə məcbur etmək deyil. Çoxqütblülüyün tək qütblülükdən əsas fərqi budur.
Çoxqütblü dünya modeli hər kəsə öz seçdiyi dəyərlərlə istədiyi cəmiyyət formasını inşa etmək haqqı verir. Burada universal bir meyar yoxdur: heç kimin digərinə öz mədəniyyətini qurmaq (başqalarının xoşuna gəlsə də, gəlməsə də), öz milli kimliyini möhkəmləndirmək və öz gələcəyini inşa etmək hüququna hörmət etməkdən başqa bir borcu yoxdur.
Çoxqütblü dünyaya yönəlmək sadəcə olaraq Amerika hegemonluğunu və kapitalist sistemini universal bir gerçəklik kimi qəbul edən totalitar liberal ideologiyanı rədd etməkdir. Qərb istədiyi kimi liberal və kapitalist qala bilər, ancaq digər mədəniyyətlər üçün hədsiz zərərli olan bu ideologiyanın və iqtisadi sistemin sərhədləri dəqiq şəkildə müəyyən edilməlidir. Bunun səbəbi isə çoxqütblü dünyanın qəhrəmanı, böyük İran generalı Qasım Süleymaninin mübarizəsi ilə əlaqədardır.
Sorğu
Yeni dizaynımız necədir?