İranın nüvə proqramının rəhbəri ABŞ-ın yüksək rütbəli iranlı generalın öldürülməsinin bölgədəki İslam Dövləti ekstremist qrupuna qarşı mübarizəni zəiflətdiyini deyib.
Əli Əkbər Salehi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin iclasında bildirib ki, general Qasım Süleymaninin ölümünə səbəb olan pilotsuz təyyarənin hücumunun "ABŞ rəhbərliyinin bölgədəki reallıqları dərk etməyə hazır olmadığını" göstərir.
Rəsmi Vaşinqton İranın Qüds Qüvvələri Birləşməsinə rəhbərlik edən Süleymaninin amerikalılara hücum planlaşdırdığı üçün hədəf alındığını açıqlamışdı. Salehi Qasım Süleymanini "İŞİD-lə mübarizədə ən vacib vasitəçi" adlandırıb.
Rəsmi Tehran İraqdakı Amerika qoşunlarının qərargahlandığı iki hərbi bazaya raket atmaqla Süleymaninin öldürülməsinə görə qisas alıb. Hücum zamanı tələfat olmayıb. Lakin Salehi İranın daha çox iş görməyə hazır olduğunu təkrarlayıb.
"Bilin ki, mənim ölkəm bir dəfə qisas ala bilibsə, lazım gələrsə, çəkinməyəcək" - deyə, o bildirib.
Ötən ay ABŞ Salehinin rəhbərlik etdiyi İranın Atom Enerjisi Təşkilatına və onun özünə qarşı yeni sanksiyalar əlavə edib. Onun ABŞ yurisdiksiyası çərçivəsində bütün hesabları dondurulub.
Vyanada ABŞ-ın Energetika naziri Dan Brule diqqəti İranın nüvə proqramına yönəldərək, rəsmi Tehranın hələ də paytaxt yaxınlığındakı anbarda uran hissəciklərinin aşkarlanması ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə cavab vermədiyini qeyd edib.
"Biz İranı İrandakı obyektləri izləmək, yoxlamaq və Beynəlxalq Atom Enerjisi Agentliyinin bütün suallarını cavablandırmaq üçün agentliklə tam əməkdaşlıq etməyə çağırırıq" - deyə, o bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?