İran İslam Respublikasının Ali dini rəhbəri ayətullah Əli Xameneyi general İsmayıl Kaanı İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandanı təyin edib.
Gundemxeber.Az xəbər verir ki, İranın “Tasnim” agentliyinin məlumatına əsasən bu təyinat “Əl-Qüds” briqadasının əfsanəvi komandiri, general Qasım Süleymaninin yanvarın 3-nə keçən gecə Bağdad aerportu yaxınlığında ABŞ-ın endirdiyi raket zərbələri nəticəsində öldürülməsinin ardınca təcili çağırılan Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.
General İsmayıl Kaanın barəsində geniş məlumat yoxdur. Xəbər verildiyi kimi, Pentaqon general Süleymaninin və İraqdakı “Həşdi Şabi” şiə qruplaşmasının komandiri Əbu Mehdi əl-Mühəndisin öldürülməsi əmrinin prezident Donald Tramp tərəfindən “zəruri özünümüdafiə tədbiri” olaraq verildiyini açıqlayıb. Bildirilir ki, general Süleymani Bağdaddakı ABŞ səfirliyinə və regiondakı Amerika maraqlarına qarşı hücum planları hazırlayırdı.
İran rəhbərliyi generalın ölümünə görə ABŞ-dan “amansız qisas” alınacağını açıqlayıb. Bu arada internetdə Süleymaninin öldürülməsi ilə nəticələnən raket zərbəsi ilə bağlı yeni görüntülər yayılıb. Görüntülərə əsasən Bağdad aerportundan şəhərə istiqamətlənən yolda Süleymaninin olduğu avtomobil raket zərbəsi nəticəsində demək olar ki, yox olub. Süleymaninin cəsədinin qalıqları dəfn olunmaq üçün İrana aparılacaq. İranda üç günlük matəm elan edilib.
İranın İraqdakı səfiri İrac Məscidi bildirib ki, general Süleymani və onu müşaiyət edən şəxslər Bağdad aerportunu tərk edəndən az sonra onların avtomobillərinə raket zərbəsi endirilib. Nəticədə Süleymani və onu müşaiyət edənlər, o cümlədən Əbu Mehdi əl-Mühəndis və mühafizəçilər (cəmi 10 nəfər) hamısı həlak olublar.
"Süleymanini və əl-Mühəndisi müşaiyət edən 10 nəfərin hamısı həlak olub", səfir İran televiziyasına bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?