Bu gün səhər saatlarında sui-qəsdə məruz qalan İnquşetiya Təhlükəsizlik Şurasının katibi Əhməd Kotiyev aldığı güllə yaralarından vəfat edib. APA-nın məlumatına görə, Kotiyevin maşını səhər saatlarında Malqobek-Nazran yolunun Aşağı Açaluki yaşayış məntəqəsindən keçən hissəsində atəşə tutulub. Dəqiqləşdirilmiş məlumatlara görə, Əhməd Kotiyev aldığı yaralardan hadisə yerində dünyasını dəyişib. Kotiyevin sürücüsü ağır yaralanmış vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bundan əvvəl yayılan xəbərlərdə Əhməd Kotiyevin xəstəxanada, sürücüsünün isə hadisə yerində keçindiyi bildirilirdi.
Hüquq-mühafizə orqanları sui-qəsdlə bağlı heç bir versiya irəli sürməyiblər. Lakin İnquşetiya dövlət başçısının səlahiyyətlərini yerinə yetirən Yunusbek Yevkurov bildirib ki, Kotiyevin qətli onun qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərin normal həyata qayıtması istiqamətində fəaliyyəti ilə bağlıdır.
Əhməd Kotiyev İnquşetiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini 2011-ci ilin aprelindən icra edir. O, 2007-2009-cu illərdə Nazran şəhər daxili işlər idarəsinin rəisi vəzifəsində çalışıb.
2012-ci ilin iyununda Əhməd Kotiyevin Malkobekdəki mənzili qumbaraatandan atəşə tutulub, lakin xəsarət alan olmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?