Ümumdünya Səhiyyə Təşkilatının koronavirusu pandemiya elan etməsi və ABŞ-ın maliyyə bazarında aksiyaların kəskin enməsindən sonra ABŞ prezidenti Donald Tramp çərşənbə günü axşam Amerika xalqına müraciətində ölkədəki narahatlığı ünvanlamaq üçün yeni iqtisadi tədbirləri və Avropadan səfərlərin təxirə salındığını elan etdi.
Tramp qlobal maliyyə bazarlarında təlatüm yaradan və amerikalıların gündəlik həyatını pozan pandemiyanın iqtisadi təsirlərinin azaldılması üçün atılan addımları açıqladı və Avropadan ABŞ-a cümə günündən etibarən səfərlərin 30 gün müddətinə dayandırılacağını bildirdi. Günlərdir virus təhlükəsini azaltmağa çalışan Tramp Avropa İttifaqını koronavirsa qarşı mübarizədə kifayət qədər tez ölçülər götürməməkdə günahlandırdı.
Tramp bildirib ki, bu məhdudiyyətlər İngiltərəyə şamil olmayacaq və “müvafiq yoxlamadan keçən amerikalılar” istisna ediləcək. Bu məhdudiyyətlər karqolara da şamil edilməyəcək. Tramp bildirib ki, Birləşmiş Ştatlar səfərlərin daha əvvəl bərpa oluna bilməsini müəyyən etmək üçün vəziyyəti monitorinq edəcək.
Bundan əlavə, Trump administrasiyasının Amerika müəssisələrinə və koronavirus epidemiyasından təsirlənən ayrı-ayrı işçilərə tibbi və maliyyə yardımı göstərməsinə yönəlmiş bir sıra tədbirlərin təsdiqlənməsi üçün Konqresə müraciət etmək niyyətində olduğunu bildirib.
Çıxışından əvvəl prezident öz Twitter hesabında Amerika xalqına müraciət edəcəyini elan edib və yazıb ki, “media bunu birlik və güc dövrü kimi qəbul etməlidir”.
“Ortaq bir düşmənimiz var, əslində bütün dünyanın düşməni olan koronavirus. Onu mümkün qədər tez və təhlükəli nəticələr vermədən məğlub etməliyik. Mənim üçün ABŞ-ın həyatı və təhlükəsizliyindən daha vacib bir şey yoxdur!”, Tramp yazıb.
Trampın müraciətindən sonra Ağ Ev prezidentin Nevada və Kolorado ştatlarına səfərlərinin təxirə salındığını elan edib.
Virusun yayılması və maliyyə bazarlarında tənəzzülün qarşısının alınması səyləri gün ərzində davam edib. Ölkə boyu müxtəlif icmalarda bir sıra tədbirlər təxirə salınıb, universitetlər dəsrlərin virtual keçiriləcəyini elan edib.
Birləşmiş Ştatlarda koronavirus səbəbilə 33 ölüm halı haqda məlumat verilib. Bunlardan 29 nəfər ölkənin qərbindəki Vaşinqton ştatındadır. ABŞ-ın 50 ştatından 38-də 1100-dən çox yoluxma halı təsdiq edilib.
Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə günü Cenevrədə keçirilən btifinqdə koronavirus epidemiyasının yaratdığı qlobal böhranın pandemiya olduğunu elan edib.
Sorğu
Yeni dizaynımız necədir?