İslam İnqilabı Qvardiyası (Sepah) Ərdəbil vilayətində “Türk Xalq Fədayi Çərikləri” adında separatçı bir qruplaşmanın liderini həbs etdiyini bildirib.
Sepaha yaxın olduğu bilinən yarı-rəsmi Tasnim agentliyi bazar günü bu barədə məlumat yayıb.
Tasnim agentliyin xəbəri İran mətbuatında geniş yayılıb. Lakin, daha əvvəl İran Azərbaycanında “Türk Xalq Fədayi Çərikləri” adında bir qrupun mövcud olduğuna dair heç bir məlumat yayılmamışdı.
Sosial mediada Tasnim agentliyinin xəbərinə reaksiya göstərən türk fəallar belə bir dəstənin həqiqətdə mövcud olmadığını qeyd edirlər.
“Ərdəbilin Həzrəti Abbas İnqilab Qvardiyasının təhlükəsizlik qurumunun sədri müxbirimizə bildirib ki, separatçı Türk Xalq Fədayiləri Çəriklərinin əsas lideri həbs edilib. Bu qrup nizama qarşı təbliğat fəaliyyəti yürüdüb, həmçinin silahlı fəaliyyət və müxalifləri təşkilatlandırmaq istiqamətində hazırlıq aparırdı,” agentliyin xəbərində dərc edilib.
Həbs edilən şəxsin kimliyi ilə bağlı heç bir məlumat yayılmayıb. Agentlik onun Ərdəbil vilayətinin məşhur turist bölgəsi Səreyində saxlandığını bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?