Böyük Britaniyada yaşayan azərbaycanlı icmanın 300-dək üzvü Ermənistanın Azərbaycana qarşı son təxribatları ilə əlaqədar Londonda dinc aksiya və yürüş keçirib.
GundemXeber.Az Trend-ə istinadən bildirir ki, əvvəlcə BBC-nin London ofisi qarşısında aksiya keçirilib, həmyerlilərimiz səsgücləndiricilərdən istifadə edərək müxtəlif şüarlar ("Yetər!", "Erməni təcavüzünə son!") və Azərbaycanın dövlət himnini səsləndiriblər.
Sonra aksiya iştirakçıları Trafalqar meydanından və Britaniya Baş Nazirinin ofisinin önündən keçərək parlament binasına doğru yürüş edib və yolboyu "Biz sülh istəyirik!", "Biz ədalət istəyirik!", "Qarabağ bizimdir-bizim olacaq!" kimi şüarlar səsləndirib, ermənilərin Los-Ancelesdə azərbaycanlılara qarşı zorakılığına diqqət çəkərək, bu cür zorakı təxribatlara son qoyulmasının vacibliyini vurğulayıblar. Yürüş iştirakçıları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonlarının adlarını ucadan sadalayıblar.
Həmvətənlərimiz Britaniya parlamentinin qarşısında daha bir aksiya keçirib, Azərbaycan həqiqətlərinə diqqət çəkərək, Ermənistanın təcavüzünə son qoyulmasını tələb ediblər. onlar "Sarı gəlin" mahnısını xorla oxuyublar.
Təhlükəsizliyin təmin edilməsi üçün əraziyə çoxsaylı polis qüvvələri və özəl təhlükəsizlik şirkətinin nümayəndələri cəlb edilib. Yalnız BBC-nin ofisinin qarşısında keçirilən aksiya zamanı Britaniyadakı erməni icması 50 nəfərdən az nümayəndə ilə tədbiri pozmağa çalışsa da, azərbaycanlıların sayca çox olduğunu və ərazidə güclü təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini görərək yürüşə mane olmaqdan, eləcə də parlamentin qarşısındakı aksiyaya gəlməkdən çəkinib.
Sorğu
Yeni dizaynımız necədir?