Koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində sərt karantin tədbirlərinin tətbiqindən imtina edən İsveçdə yeni yoluxma hallarının sayında azalma müşahidə olunub.
Digər Avropa ölkələrində isə əksinə, son günlərdə yoluxanların sayında artım qeydə alındı.
Bu barədə “Newsweek” yazır .
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, İsveçdə son 14 gündə 100 min əhaliyə düşən yeni yoluxma sayı 54 faiz azalıb.
Son bir ay ərzində ölkədə orta gündəlik infeksiya sayı da, ölənlərin sayı da azalmağa doğru gedir.
Üstəlik, digər Avropa ölkələrində müvəqqəti enişdən sonra yoluxma sayı yenidən artmağa başlayıb. Belə ki, İspaniya, Fransa, Belçika, Almaniya və Niderlandda son bir ayda yeni yoluxmaların sayı 40-200 faiz artıb.
İsveçin baş epidemioloqu Anders Tegnellin əvvəllər dediyi kimi, bu rəqəmlər ölkənin koronavirusla mübarizə strategiyasının “yüksək dərəcədə uğurlu” olduğunu göstərir. Onun sözlərinə görə, İsveç hökuməti rəsmi məhdudlaşdırıcı tədbirlər tətbiq etməyib, lakin ölkə sakinləri öz təşəbbüsü ilə sosial təmasların intensivliyini azaldıb və bir sıra ehtiyat tədbirlərini görüblər. Nəticədə, İsveçin siyasəti sərt məhdudiyyətlərə riayət edən digər ölkələrin siyasətləri qədər effektli olub.
İyul ayının əvvəlində, İsveç müəssisələrinin koronavirus pandemiyası dövründə ölkə iqtisadiyyatının çökəcəyini proqnozlaşdırmasına baxmayaraq, kütləvi iflasların qarşısını ala bildiyi bildirilib. Analitiklərin fikrincə, bu, İsveçin karantindən imtina etməsi nəticəsində baş verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?