NATO bazar günü Belarus prezidenti Aleksandr Lukaşenkonun alyansın ölkənin qərb sərhədi yaxınlığında hərbi qüvvə yerləşdirməsi ilə bağlı açıqlamalarını rədd edib. Alyans eyni zamanda Belarusda vəziyyətin yaxından izləndiyini qeyd edib.
Lukaşenko bundan öncə bazar günü NATO-nun tankları və təyyarələrinin Belarus sərhəddindən 15 dəqiqəlik məsafədə yerləşdirildiyini bildirib.
NATO-nun sözçüsü Twitter sosial şəbəkəsində açıqlamasında alyansın bölgədə qüvvə yerləşdirmədiyini bildirib.
“Alyansın şərq hissəsində NATO-nun çoxmillətli qüvvələrinin mövcudluğu heç bir ölkə üçün təhdid deyil. Bu, müdafiə və proporsional xarakter daşıyır və münaqişələrin qarşısını almaq və sülhü qorumaq məqsədi daşıyır" - deyə, o bildirib.
Bu arada, NATO üzvü olan Litva qonşu Belarus üçün hərbi təhlükə yaratmadığını bəyan edib.
"Belarusdakı böhran siyasi xarakter daşıyır. Belarus rəhbərliyinin digər ölkələrin müdaxiləsi və ya onların yaratdığı təhlükə ilə bağlı verdiyi hər hansı bir bəyanat günahı başqasının üzərinə atmaq və öz hərəkətlərinə bəraət qazandırmaq cəhdləridir", Litvanın müdafiə naziri Raymundas Karoblis bildirib.
Litvanın xarici işlər naziri Linas Linkeviçus Lukaşenkonun NATO hərbi qüvvələrinin Belarus sərhədlərində yerləşdirilməsi ilə bağlı açıqlamalarını yalan adlandırıb. Twitter sosial şəbəkəsində açıqlamasında o bunun Rusiyanı köməyə çağırmaq üçün bir əsas yaratmaq məqsədi ilə edildiyini bildirib.
Rusiya prezidenti Vladimir Putin bazar günü Belarus lideri Aleksandr Lukaşenko ilə telefon söhbəti zamanı Moskvanın lazım gələrsə kollektiv təhlükəsizlik müqaviləsi çərçivəsində Belarusa kömək etməyə hazır olduğunu bildirib.
Kremlin açıqladığı bəyanatda Belarusa kənardan təzyiq göstərildiyi deyilir, lakin bu təzyiqin kim tərəfindən həyata keçirildiyi bildirilmir.
Putin və Lukaşenko arasında ilk telefon söhbəti şənbə günü baş tutub.
Lukaşenko telefon söhbətindən sonra hərbi rəhbərlərə Putinin “Belarusun təhlükəsizliyinin təmin edilməsi üçün hərtərəfli yardım” təklif etdiyini bildirib.
Kremlin açıqladığı bəyanatda prezidentlərin Belarusdakı problemlərin tezliklə həll olunmalı və ölkələr arasında əlaqələrin möhkəmləndirilməli olduğu ilə bağlı razılıq əldə etdiyi bildirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?