Malayziya parlamentinin deputatları Ermənistanın davam edən hərbi təxribatlarını kəskin şəkildə pisləyiblər.
Bu barədə “Report”a Azərbaycanın Malayziyadakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, Malayziya Parlamentinin Nümayəndələr Palatasında Malayziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu tərəfindən Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təxribatını kəskin şəkildə pisləyən bəyanat verilib.
Dostluq qrupunun sədri Datuk Rosman Bin Datuk Haji İsli tərəfindən oktyabrın 1-də imzalanaraq surəti Azərbaycanın Malayziyadakı səfirliyinə göndərilmiş bəyanatda bildirilir:
“Biz, Malayziya Parlamentində Malayziya-Azərbaycan Dostluq Qrupunun üzvləri sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı başladılmış hücumları pisləyirik. Biz təcili olaraq Ermənistan hökumətinə çağırış edirik ki, beynəlxalq hüququn əsas əmredici qanunlarını (imperatives), eləcə də beynəlxalq humanitar sənədlərdən irəli gələn fundamental tələbləri pozan hər bir cəhdini dayandırsın. Ermənistan hökuməti gücdən istifadəyə baş vurmadan, eləcə də diplomatik səylərin gücünü nəzərə alaraq, Azərbaycanla münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ən qısa zamanda konstruktiv danışıqlara əməl etməlidir. Bizim dostluq qrupumuzun bütün üzvləri dərin təəssüf hissi keçirirlər ki, Ermənistanın yuxarıda qeyd olunan hücumları təkcə Cənubi Qafqazda sülh və rifaha qarşı deyil, eyni zamanda iyulun 23-də Malayziyanın BMT-yə üzv dövlətlərdən 171 ölkənin səsini toplayaraq beynəlxalq əməkdaşlığı və qarşılıqlı etimadı nəzərdə tutan “COVID-19 Pandemiyası dövründə Qlobal Atəşkəs üçün BMT Baş Katibinin Müraciətinə Dəstək Bəyanatı” təşəbbüsünü də sarsmışdır".
Bəyanatın sonunda şəhid ailələrinə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.
Qeyd edək ki, bundan əvvəl Malayziya Xarici İşlər Nazirliyi sentyabrın 29-da Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatı yayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?