Bu gün Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ki, gözlənilən Demokratikləşmə Paketini açıqlayıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğanın açıqladığı Demokratikləşmə Paketi bir sıra qanunvericilik aktlarına ciddi dəyişikliklərin edilməsini nəzərdə tutur.
Ən çox diqqət çəkən məqam kürd və digər dillərlə tədrisə icazədir. Başqa sözlə, özəl orta məktəblərdə müxtəlif dil və ləhcələrdə tədrisə icazə veriləcək. Bu məktəblərdə yalnız müəyyən dərslərin türk dilində keçirilməsi şərt qoyulacaq. Artıq çadralı qadın müəllimlərin də, dərsə gəlmələrinə qadağa olmayacaq.
Ümumiyyətlə, Türkiyə Silahlı Qüvvələri, hakimlər, vəkillər və polis sistemi istisna ilə, bütün dövlət qurumlarında qadınlar çadra ilə işə gələ biləcəklər. Orta məktəblərdə şagirdlər şagird andı da içməyəcəklər. Bu and Atatürk prinsiplərinə sədaqəti özündə ehtiva edir. Türkiyədə seçki sistemində də ciddi dəyişikliklər nəzərdə tutulur. Türkiyə hökuməti seçki sistemi ilə bağlı 3 variant təklif edir. Birincisi, mövcud seçki sisteminin qalması ilə bağlıdır. Hazırkı seçki sistemində ən mübahisəli məqam partiyalar üçün qoyulmuş 10 faizlik baryerdir. Bu baryeri keçə bilməyən partiyalar parlamentdə təmsil oluna bilmir. Baryerin aradan qaldırılmasında təkid edən əsas qüvvə PKK terror təşkilatının siyasi qanadı sayılan Demokratik Toplum Partiyasıdır. Hökumətin təklif etdiyi ikinci variant seçki baryerinin 5 faizə endirilməsi, 5 millət vəkilinin seçilə biləcəyi daraldılmış seçki bölgəsinə əsaslanan seçki sistemidir. Bu seçki sistemi Türkiyədə İstanbul, İzmir kimi sahil bölgələrində yerləşən böyük şəhərlərdə Demokratik Toplum Partiyasının deputat mandatı qazanmasını faktiki mümkünsüz edir, ancaq kürd əhalinin çoxluq təşkil etdiyi Diyarbəkir, Van kimi bölgələrdə daha çox deputat mandatı qazanmasının önünü açır. Bu halda Demokratik Toplum Partiyası partiya kimi də seçkilərə qatıla, baryeri aşa bilər.
Siyasi müşahidəçilər bu halda ən böyük zərbənin Milliyyətçi Hərəkat Partiyasına dəyəcəyi qənaətindədir. Çünki daraldılmış bölgəyə əsaslanan seçki sistemi sabit elektoratı olan Milliyyətçi Hərəkat Partiyasına böyük şəhərlərdə deputat mandatı qazanmasının önündə ciddi əngələ çevriləcək. Hökumət partiyalara dövlət büdcəsindən yardım ayrılması ilə bağlı baryeri də aşağı salmağı təklif edir. Hazırda Türkiyədə parlament seçkilərində ən azı 7 faiz səs almış partiyalara dövlət büdcəsindən maliyyə yardımı ayrılır. Qanunvericilikdə dəyişiklik ediləcəyi halda bu baryer 3 faizə qədər aşağı düşəcək. Həm də partiyaların rayon təşkilatlarını qurmaq üçün kəndlərdə özəklərini qurmaları gərəkliyi ilə bağlı şərt də ləğv ediləcək. Dəyişiklik Türkiyədə partiyalarda həmsədrlik institutunun yaradılmasının da önünü açır. Eyni zamanda partiyalar seçki təbliğatı zamanı istənilən dildən də istifadə edə biləcəklər. Dəyişikliklər Türkiyədə milli, dini, siyasi səbəbdən törədilən cinayətlərlə bağlı cəzaları da sərtləşdirir. Vətəndaş hüquqlarının gerçəkləşməsinə mane olanların cəzası 1 ildən 3 ilə qədər artırılır. Fərdin dini ibadət və ayinlərinin qarşısının alınmasına görə də 3 ilə qədər cəza nəzərdə tutulur.
Demokratikləşmə Paketində Mor Qabriel monastırının süryanilərə qaytarılmasını da nəzərdə tutur. Rəcəb Tayyib Ərdoğan çıxışında Demokratikləşmə Paketində ermənilərin geri qaytarılmasını tələb etdiyi kilsələrin onlara qaytarılıb-qaytarılmayacağı barədə müddəanın yer alıb-almadığını isə açıqlamayıb. Türkiyədə Qaraçı Dil və Mədəniyyət İnstitutunun qurulması da sənəddə yer alıb.
Sorğu
Yeni dizaynımız necədir?