Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə bilmir. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində qısa müddət ərzində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut, Mincivan və Ağbənd qəsəbələri və 160-dan çox kənd bir ay keçməmiş işğaldan azad olundu. Azərbaycanın bu qələbələri illərdir erməni əhalisi arasında güclü ordu barədə yaradılmış mifləri dağıdır. Ermənistan cəmiyyəti panikaya qapılıb və ictimai rəydə hakimiyyətə yönəlmiş xeyli cavabsız suallar yaranıb. Acı reallıqlar qarşısında çarəsiz vəziyyətə düşən Ermənistan hakimiyyəti bir tərəfdən də ordu daxilində xəyanətlərlə üzləşməkdədir. Belə ki, son 20 gündə artıq Ermənistan ordusunda 4 yüksək vəzifəli şəxs işdən qovulub.
Oktyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan tutduğu vəzifədən kənarlaşdırılıb. Oktyabrın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinə tabe olan Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan da işdən azad edilib. Həmçinin oktyabrın 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohannes Karumyan işdən çıxarılıb. Eyni gündə Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan eyni taleyi yaşamalı olub. Onların hamısı xəyanətdə ittiham edilir. Ehtimal edilir ki, Paşinyan hökuməti həm də bu yolla cəbhədəki uğursuzluqları ayrı-ayrı vəzifəli şəxslərin ayağına yazıb sudan quru çıxmaq niyyətindədir. Hərbi məğlubiyyətin fakturasını qurban seçilmiş günah keçilərinə yükləməklə vəziyyətdən çıxmağa çalışan Nikol Paşinyan bu vaxta kimi eyni metoddan dəfələrlə istifadə edib inqilab zamanı verdiyi vədləri yerinə yetirə bilmədikdə müxtəlif sahələrdə vaxtaşırı kadr dəyişiklikləri həyata keçirsə də, bu dəfə istənilən nəticəni əldə etməsi və nişangahdan yayınmağa müvəffəq olması müşkül məsələdir. Çünki müharibənin hərbi-siyasi rəhbərliyini məhz Nikol Paşinyan həyata keçirir və bütün məsuliyyət də şəxsən ona məxsusdur.
Əksinə, bu kimi kadr dəyişiklikləri və xəyanət ittihamları Ermənistanda əhalinin dövlətə qarşı inamsızlığını artırmaqdadır, hakimiyyətin, xüsusilə hərbi komandanlıq və siyasi rəhbərliyin monolitliyi ciddi və əsaslı şübhələr altına düşüb və komandadaxili parçalanma effekti yaradıb. Bütün bunlar isə məğlubluq sindromuna düçar olmuş Ermənistan cəmiyyətində mənəvi durumu və psixoloji əhval-ruhiyyəni daha da sarsıdır, onsuz da, kövrək olan həmrəyliyi baltalayır. Ölkə daxilində ictimai-siyasi vəziyyət getdikcə mürəkkəbləşir.
Hərc-mərclik və tabesizliyin yayıldığı belə bir şəraitdə fərrarilik halları geniş vüsət alıb. Ermənistanda itaətsizlik o həddə çatıb ki, artıq insanlar evlərindən silah gücünə hərbi komissarlıqlara və döyüşə aparılır. Hakimiyyətə qarşı kütləvi vətəndaş itaətsizliyi və fərarilik Nikol Paşinyanı Ermənistanın Ədliyyə nazirinin müavini Vahe Danielyanı belə oktyabın 28-də vəzifəsindən azad edərək maaşını saxlamaqla cəhbəyə göndərməyə sövq edib. Lakin bu da baş verənlərin qarşısını almağa kömək etmir. Görünür, bu adla Vahe Danielyanın vəzifəsindən uzaqlaşdırılması həm də fərarilərə qarşı ədliyyə orqanlarının tədbirlər görə bilməməsi ilə bağlıdır, bu yolla Paşinyan hakimiyyət nümayəndələrini cəzalandırmağa çalışır.
Ermənistanda insanlar təkcə ordunun acı məğlubiyyəti, ölkədə qarışıqlıqlar və özbaşınalıqlardan deyil, həm də gündən-günə ağırlaşan sosial-iqtisadi durumdan ciddi əziyyət çəkirlər. Hazırda Ermənistanda ərzaq da daxil olmaqla əksər məhsulların qiymətində artım müşahidə olunur ki, bu da onsuz da ciddi sıxıntılar içində olan əhalinin vəziyyətini daha da ağırlaşdırır. Qonşuları Türkiyə və Azərbaycanla heç bir münasibətləri olmayan ölkə işğalçılıq, etnik nifrət və ksenefobiyanı dövlət siyasətinə çevirdiyinə görə bütün bölgəsəl iqtisadi layihələrdən təcrid olunub və ticarət əlaqələrindən məhrum vəziyyətə düşüb. Belədə Ermənistan iqtisadiyyatının vəziyyətini təsəvvür etmək üçün iqtisad elminə dərindən bələd olmağa ehtiyac yoxdur. Diasporanın ianələrinə, Rusiyanın və İranın səxavətinə möhtac qalan Ermənistan bu ağır durumda yenə də irqçilik və populizmdən əl çəkə bilmir. Ermənistan rəhbərliyi Gürcüstan üzərindən ölkəyə erməni biznesmenlərin özəl təşəbbüsləri ilə daxil olan cüzi miqdarda türk mallarının da boykot edilməsinə çağırışlar edir. Uzmanlar bunun Türkiyəyə, demək olar ki, təsirsiz ötüşəcəyi, əksinə, Ermənistanda iş adamlarına daha çox zərbə vuracağını, qiymət artımına və məşğulluq problemlərinə yol açacağını proqnozlaşdırır.
Ermənistan digər yandan başqa böyük problemlə də üz-üzədir. Belə ki, artıq Ermənistanda hakimiyyət içindəki qüvvələr, klanlar arasında qarşıdurma və ziddiyyətlər görünməmiş həddə çatıb. Bu ziddiyyətlər o qədər kəskinləşib ki, ölkədə tam xaos hökm sürür. Artıq hakimiyyətdaxili qruplaşmalar müxalifətdəki qüvvələr və ölkə xaricindəki maraqlı dairələrlə sövdələşmələrə getməyə çalışır. Hərbi elitadakı Paşinyan əleyhdarları və müxalifətdəki milyarder Qaqik Sarukyanın bloku da Qarabağ klanı və rusmeyilli qüvvələrlə iş birliyinə can atır. Belə ki, artıq Qarabağdan və cəbhə bölgəsindən çevriliş həyata keçirmək üçün Ermənistanın içinə silah daşınmaları xəbərləri gəlir. Deyilənə görə, buna görə həbs olunanlar da var. Cəbhədəki uğursuzluqlar artdıqca, hərbi məğlubiyyətin miqyası genişləndikcə Ermənistanın daxilindəki siyasi çəkişmələrin daha da artacağı, hakimiyyət uğrunda mübarizənin kritik fazaya qədəm qoyacağı gözlənilir. Reallıq hissini itirmiş Ermənistan yavaş-yavaş Qarabağın Azərbaycan torpaqları olması ilə barışmağa vadar olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?