Türkiyə hərbçiləri yaxın zamanlarda Azərbaycana gedəcək, Quru Qoşunları təlimlərini tamamlayıb.
“Haber Global”ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar çıxışında bildirib.
O, Azərbaycan Silahlı Qüvvələrinin 30 ilə yaxındır Ermənistan tərəfindən işğal olunmuş ərazilərini uğurla geri aldığını xatırladaraq, Qarabağla bağlı imzalanan sazişə münasibət bildirib:
“Rusiya ilə danışıqlarımız var. Azərbaycanlı qardaşlarımızın bütün haqlarını və mənfəətlərinin qorunması ilə əlaqədar lazım olan hər işi gördük və görməyə davam edirik”, - deyə o vurğulayıb.
H.Akar bəzi Qərb siyasətçilərinin Azərbaycan ordusunun Qarabağı “yandırdı və dağıtdı” ifadələrinə münasibət bildirib:
“Bu qeyri-real ifadələr tamamilə səhv qiymətləndirmələrdir. Azərbaycan Ordusu orada beynəlxalq hüquqa zidd bir şey etməyib. Azərbaycanın gördüyü işin həqiqəti və mahiyyəti 30 ildir işğal altında olan ərazilərinin işğaldan xilas etməkdən ibarətdir. Hər kəs bunu bilməlidir. Bu cür çıxışlarla Azərbaycan ordusunu günahlandırmaq səhvdir. İnsanın vətənini qorumaq və işğal olunmuş əraziləri xilas etməsi müqəddəs bir vəzifədir. Azərbaycan Ordusu da bunu edir. Halbuki Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini və şəhərlərini bütün dünyanın gözü qarşısında açıq şəkildə bombaladı. Bütün dünya bunu gördü, amma bəziləri hələ də kor, hələ də kardır. Bunların müasirlik, insan hüquqları, demokratiya və bitərəflikdən danışmaları həqiqətən mümkün deyil”, - deyə o, vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?