“Ermənistandakı istənilən siyasi-iqtisadi durum, hakimiyyətdə kimlərin təmsil olunması təbii ki, Rusiyanı düşündürür və narahat edir. Çünki Ermənistanın müdafiə olunması geosiyasi maraqların həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Rusiyanın müharibənin son anında Ermənistanı və erməniləri köməksiz qoymaq istəməməsi, dolayısı dəstəyi ermənilərə olan tarixi münasibətin bariz təcəssümü idi.
Nəzərə almaq lazımdır ki, Rusiyanın ermənilərə olan münasibətini Ermənistan hakimiyyətində təmsil olunan istənilən siyasi qrup hər zaman dəyərləndirməyi özünün vacib işi hesab edib. Çünki Rusiyasız Ermənistanın təsəvvür edilməsi bir qədər çətin görünür”.
Bu fikirləri politoloq Ramid Hüseynov “Şərq”ə açıqlamasında deyib. Siyasi-şərhçi qeyd edib ki, qərbin dəstəyi ilə hakimiyyətə gələn Paşinyanın özünü demokrat imicində göstərmək, Rusiya ilə Qərb arasında seçim etmək cəhdi ölkəni ciddi problemlərlə üz-üzə qoydu:
“Təbii ki, Paşinyanın ermənilərə məxsus xəyanətkar davranış nümayiş etdirməsi Rusiya tərəfindən heç də xoş qarşılanmadı. Vətən müharibəsinin gedişi zamanı Rusiyanın bir qədər neytral davranışını, müəyyən dövrə kimi səbr nümayiş etdirməsini bunun cavabı kimi qiymətləndirmək olar”.
R.Hüseynovun qənaətincə, müharibədən sonra Ermənistanda ciddi siyasi böhranın dərinləşməsi, siyasi qruplar arasında qarşıdurmaların genişlənməsi əslində gözlənilən idi:
“Düzdür, üç ölkə arasında imzalanmış bəyanatın qarantlı olması üçün Rusiya Paşinyanın qalmasında maraqlı görünsə də, amma uzun perspektiv üçün bunu demək çətindir. Artıq Rusiya etibarı itirmiş şəxslə əlaqələri davam etdirmək fikrində deyil. Daha sadiq, inamlı liderin hakimiyyət başına gətirilməsi arzuolunandır. Paşinyanın yenidən vəziyyəti düzəltməyə cəhd etməsi heç nəyi dəyişməyə kifayət etmir. Çünki Paşinyan artıq etibarlı tərəfdaş imicini itirib. Görünür, ölkədəki siyasi gərginliyin getdikcə dərinləşməsi hakimiyyət dəyişikliyini qaçılmaz edir”.
Azərbaycana gəldikdə isə politoloq əlavə edib ki, dövlətimiz istənilən halda regional sülhün və təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunmasında maraqlıdır:
“Bu baxımdan, hesab edirəm ki, Ermənistan hakimiyyətində ölkəmizlə normal, suveren bərabərlik prinsipləri çərçivəsində, separatçı, terrorçu, işğalçı düşüncəsindən uzaq olan bir şəxsin olması daha məqbuldur”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?