Bunu politoloq Ərəstun Oruclu deyib. Onun fikrincə, üçüncü hədəf isə Cəbrayıl rayonudur:
"Azərbaycanlılara ilk gülləni atması ilə fəxr edən və Xocalı qətliamının fəal iştirakçısı olan Vitali Balasanyan hələ dekabrın əvvəllərindən qondarma DQR-in Təhlükəsizlik Şurasının katibi təyin olunmaqla sürətlə reanimasiya edilən "respublikanın" de fakto rəhbəridir. Qarabağa (Azərbaycana) buraxılan "sülhməramlı" öz işini görməkdədir: bir tərəfdən humanitar yardım və aksiyalarla qaçmış erməni əhalini geriyə qayıtmağa ruhlandırır, digər tərəfdən təlim keçdiyi terrorçuları, diversantları Azərbaycan ordusunun üzərunə yollayıb atəşkəsi pozur ki, öz təsir dairəsini genişləndirsin. Nəhayət, azərbaycanlılara qənim kəsilmiş daşnak cəlladlarını diriltmək istədiyi (və diriltməkdə olduğu) qondarma respublikanın rəhbərliyinə gətirir. Məncə, sonra nələrin nəzərdə tutulduğunu və yüksək ehtimalla da baş verəcəyini demək üçün münəccim olmağa ehtiyac yoxdur. Hələ bir neçə həftə əvvəl demişdik ki, əsas iki bölgə - Hadrut və Şuşa hədəfdədir, səbəblərini də izah etmişdik. Lakin "sülhməramlının" bununla kifayətlənmək istədiyini düşünmək yaxşı halda sadəlövhlük, pis halda isə axmaqlıq olardı.
Bunların ardınca növbəti hədəf Cəbrayıl olmalıdır, çünki Rusiyanın strateji məqsədi Yaxın Şərqə çıxmaqdır, ora əsas yol isə Xudafərindən keçir. Əsas yol, amma əlavə yol da var ki, bu da Naxçıvan üzərindəndir. Bunu da unutmamalıyıq".
Politoloq bildirib ki, bütün bu planları reallaşdırmaq üçün zaman son dərəcə azdır:
"Üç həftədən sonra Yaxın Şərqi Rusiyaya faktiki güzəştə gedən Tramp Ağ Evdə olmayacaq, amma bu, heç də yeni seçilmiş prezident Baydenin Yaxın Şərq siyasətində sərt xətt yürüdəcəyi anlamına gəlməməlidir. Xüsusilə də fakt qarşısında qalanda. Son yarım əsrdə ABŞ demokratlarının xarici (o cümlədən də Rusiya) siyasəti respublikaçıların siyasətindən daha yumşaq olub. Bu dəfə də istisna olmaya bilər, baxmayaraq ki, ABŞ-ın Yaxın Şərq siyasəti indi elə özünün ən yumşaq mərhələsindədir və onun da bünövrəsini Baydenin ikinci şəxsi olduğu Obama administrasiyası qoyub. Görünür, elə bu səbəbdən də Yaxın Şərqdə cəmi 2-3 ay əvvəl ağla gətirilməsi mümkün olmayan koalisiyalar qurulmaqdadır. Bütün bu, məsələlərin bizdən yan keçməyəcəyi də aydındır. Daha doğrusu, biz artıq onların ilk qurbanlarındanıq. Biz hamımız ölkəmizi tanıyırıq və onun daxilində baş verənləri də yaxşı bilirik. Özü də yaxın keçmişimizdə yaşadığımız acı təcrübələrimizdən".
Ərəstun Oruclu təklif edib ki, indi təcili olaraq ölkənin yeni xarici siyasət, müdafiə və təhlükəsizlik doktrinası hazırlanmalıdır:
"Amma bunu etməli olan qurumların rəhbərləri primitiv yaltaqlıqla və ictimai rəyi çaşdırmaqla məşğuldurlar. Bunun da hara və hansı nəticələrə gətirəcəyi gün kimi aydındır. Tək bizə yox, elə onların özlərinə də"./qaynarinfo/
Sorğu
Yeni dizaynımız necədir?