Rusiya və Gürcüstan münasibətlərinin yaxşılaşdırılması üçün müntəzəm görüşlər keçirəcək
gundemxeber.az "Gürcüstan və Rusiya dövlət rəsmiləri müntəzəm görüşlər keçirəcək və iki ölkə arasında əməkdaşlıq bərpa ediləcək.". "Novosti-Qruziya" saytının verdiyi məlumata görə, bunu Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşdən sonra açıqlayıb. Onun sözlərinə görə, rəsmi Tiflislə Moskva əlaqələrin bərpa edilməsi və münasibətlərin inkişafında maraqlıdır. "Biz etiraf edirik ki, iki ölkə arasında münasibətlər dalana dirənib. Bundan çıxış yolu tapmaq lazımdır. Təbii ki, bəzi məsələlərdə Rusiya ilə razılığa gəlməyimiz qeyri-mümkündür. Lakin münasibətlərə yenidən başlamaq üçün ticarət, humanitar, mədəni əlaqələr və müntəzəm uçuşların bərpa edilməsi kimi mövzularda əməkdaşlıq edə bilərik.",-deyə Zurab Abaşidze əlavə edib. Qeyd edək ki, Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi ilə görüşdən sonra Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin isə vurğulayıb ki, ölkələr arasında münasibətləri yaxşılaşdırmaq üçün gözəl imkan yaranıb. "Saakaşvili hökumətindən sonra bütün çətinliklərə baxmayaraq münasibətləri bərpa etmək üçün real şərait mövcuddur. Biz Gürcüstanla ticarət, nəqliyyat, hava, mədəni və humanitar sahələrdə əməkdaşlıq edəcəyik.",-deyə Qriqori Karasin bildirib.
Sorğu
Yeni dizaynımız necədir?