İran Azərbaycanın Təbriz şəhərində yaşayan 3 milli fəal Azərbaycan Respublikası və Qarabağa dəstək mitinqi ilə əlaqədar həbs və qamçı cəzasına məhkum edilib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Sədullah Sasani, Rəhim Sasani və Mehdi Purəli Xurmalıya birinci məhkəmə tərəfindən verilən 1 il həbs və 60 qamçı cəzası Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
Yanvar ayının 11-də Təbriz İkinci Cinayət Məhkəməsinin 112-ci şöbəsi "ümumi asayişi pozmaq" ittihamına görə, bu fəalların hər birisini 1 il həbs və 60 qamçı cəzasına məhkum etmişdi.
Martın 6-da Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən məhkəmənin elektron sistemi vasitəsilə bu fəallara göndərilən bildirişə görə, birinci məhkəmənin qərarı qüvvədə saxlanılıb. Bu vətəndaşların cəzası 4 il müddətinə təxirə salınıb.
Bundan əvvəl məhkəmənin ilkin mərhələsində Yasəmən Zəfəri, Həkimə Əhmədi, Rəhim Sasani, Sədullah Sasani və Mehdi Purəli Xurmalı "ümumi asayişi pozmaq" və "qanunsuz mitinqlərdə iştirak etmək" ittihamlarına görə, Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi tərəfindən cəmi 5 il həbs və 300 qamçı cəzasına məhkum olunublar.
Keçən ilin iyul ayının 16-da Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalar nəticəsində güneyli milli fəallar İran Azərbaycanının bəzi şəhərləri və həmçinin Tehranda Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd etmişdilər. Həmin aksiyalar ilə əlaqədar bir çox sayda fəal təhlükəsizlik qüvvələri tərəfindən ya mitinqlərdə və ya kəşfiyyat idarəsinə çağırıldıqdan sonra nəzarət altına alınmışdılar.
Sədullah Sasani və Rəhim Sasani indiyədək dinc fəaliyyətlərinə görə, dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər.
Sorğu
Yeni dizaynımız necədir?