Rusiyanın İrandakı səfiri Levan Caqaryanla Tehrana yeni təyin edilmiş Böyük Britaniya səfiri Saymon Şerkliffin fotosu diplomatik qalmaqala səbəb olub. İran KİV-ləri xəbər verir ki, Rusiya səfiri yeni təyin olunmuş britaniyalı diplomatla özünün iqamətgahında görüşüb. Bundan sonra onlar 1943-cü ildə keçirilmiş tarixi Tehran konfransının iştirakçılarının görüşdüyü pilləkəndə foto çəkdiriblər. Həmin foto Stalin, Çörçill və Ruzveltin fotosunu xatırladıb.
Foto İran ictimaiyyətində etirazla qarşılanıb, İran rəsmi şəxsləri də bunu ölkəyə qarşı hörmətsizlik kimi qiymətləndiriblər. İran parlamentinin sədri Məhəmməd Qalibaf Rusiya və Böyük Britaniya səfirlərini tənqid edərək həmin fotonu “qəribə” adlandırıb, XİN-i məsələni aydınlaşdırmağa çağırıb. Və səfirlərin dərhal üzr istəməli olduğunu deyib.
Xarici işlər naziri Cavad Zərif də fotonu kəskin tənqid edib. “Bu gün mən həmin yersiz fotonu gördüm. 2021-ci ilin avqustu 1941-ci ilin avqustu və ya 1943-cü ilin dekabrı deyil. İran xalqı nüvə razılaşmasına dair danışıqlarda sübut etdi ki, onun taleyi xarici səfirlərin və dövlətlərin qərarlarından heç vaxt asılı ola bilməz”,-o bildirib. Xatırladaq ki, İran cəmiyyətində SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin İkinci Dünya müharibəsinin gedişini müzakirə etmək üçün görüşdüyü 1943-cü il Tehran konfransı birmənalı qəbul olunmur. Bu görüş suveren İrana qarşı təcavüz kimi qiymətləndirilir. Səfirlərin fotosu da ona görə cəmiyyətdə etirazla qarşılanıb.
Xəbər verilir ki, qalmaqalla bağlı Rusiyanın İrandakı səfiri Levan Caqaryan bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub. Nazirliyin yaydığı məlumata görə, “dostluq atmosferində keçən” görüş zamanı İran tərəfinə bütün zəruri izahat verilib. Səfir yaranmış anlaşılmazlığa görə üzr istəyib./virtualaz.org/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?