ABŞ-ın yüksək rütbəli rəsmiləri sabiq prezidentə onu həbslə hədələyən baş nazirdən qaçmağı və müvəqqəti də olsa, ABŞ-a sığınmağı məsləhət görüblər... Gürcüstanda Saakaşvili erası sona çatdı. Ölkə qarşısında böyük xidmətləri olan Mixail Saakaşvilinin siyasi arenada hansı statusda qalmağa çalışacağı hələlik məlum olmasa da, onun üçün müəyyən problemlərin qaçılmazlığı artıq şübhə doğurmur. Çünki hakimiyyət tamamilə revanşistlərin əlinə keçmiş kimi görünür.
Əslində Gürcüstanda keçirilmiş həm parlament, həm də son prezident seçkilərinin demokratik şəraitdə baş tutmasını məhz Saakaşvili tərəfdarlarının son 10 ildə yaratdıqları siyasi ənənənin hesabına yazmaq lazımdır. ATƏT-in müşahidə missiyasının rəhbəri Joao Suares prosesi “Gürcüstanda seçkilər pozitiv və açıq olub və ifadə, toplaşma, hərəkət azadlıqlarına hörmət göstərilib” kimi dəyərləndirib. Seçkiləri “təmiz” adlandıran Suares “Bu təmiz seçkilər mənə deyir ki, Gürcüstan demokratiyası yetkindir” deyə vurğulayıb. Eyni zamanda, ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland da seçkilərin yüksək səviyyədə təşkil olunduğunu bildirib.
Yeni prezidenti onun əsas rəqibi olmuş David Bakradze və Mixail Saakaşvili də təbrik ediblər. Təbii ki, ölkəsinə və xalqına demokratiyanı hədiyyə etmiş bir siyasi lider - Saakaşvili bu açıqlamasıyla növbəti dəfə siyasi əxlaq örnəyi göstərmiş oldu. Ancaq gürcü xalqının onun miras buraxdığı demokratiyaya hansı səviyyədə sahib çıxacağı və sadiq qalacağı yəqin ki, yaxın gələcəkdə aydınlaşacaq.
Yəqin ki, bu məsələdə hakimiyyətə tam şəkildə sahiblənmiş İvanişvili tərəfdarlarının atacağı addımlar da həlledici olacaq. İvanişvili tərəfdarlarının demokratiya anlayışı bundan sonra ortaya çıxacaq. Hələliksə, qələbə eyforiyasında olan baş nazir Bdzina İvanişvili, sadəcə, “Biz indi arzusunda olduğumuz Gürcüstan quracağıq” deyib. Görəsən, baş nazirin naməlum arzuları Gürcüstan demokratiyasını daha da inkişaf etdirəcək, yoxsa ölkəni yenidən geriyə, qorxunc Şevardnadze dönəminə qaytaracaq? Bu, hələlik cavabsız sualdır.
Ancaq B.İvanişvilinin M.Saakaşvilinin haqqında “Mən ölkəmin prezidenti olmuş bir şəxsin həbs edilməsini arzulamazdım. Ancaq hər kəs törətdiyi cinayətlərə görə cavab verməlidir” söyləməsi narahatlıq yaradır. Çünki onun bu açıqlamasından “qaranlıq keçmiş”ə dönüş qoxusu gəlir. Baş nazir, deyəsən, Saakaşvili hakimiyyətinin Gürcüstana gətirdiyi demokratiya sayəsində onun tərəfdarlarının həm parlament, həm də prezident seçkilərində qalib gəldiyini unudub.
Ona görə də indi Qərb siyasi dairələrini M.Saakaşvilinin prezidentlikdən sonrakı taleyi ciddi narahat edir.
“Saakaşvilini ABŞ-a emiqrasiyaya itələyirlər” iddiasında olan Fransanın “Le Figaro” qəzeti yazır: “Saakaşvili Tiflisdəki prezident iqamətgahını tərk etməyə hazırlaşaraq əşyalarını toplayır. Onun həyat yoldaşı Sandra Rulofs normal həyata qayıdışa görə sevinsə də, ABŞ-ın yüksək vəzifəli məmurları Saakaşviliyə prezidenti məhkəmə ilə hədələyən baş nazir Bdzina İvanişvilidən qaçmağı məsləhət görür”. “Le Figaro” onu da qeyd edib ki, B.İvanişvili hakimiyyətə gəldiyi gündən Saakaşvili dövrünü eşələməkdən yorulmur: “Vilnüsdə keçiriləcək ”Şərq Tərəfdaşlığı" sammiti ərəfəsində Avropa İttifaqı hətta Gürcüstanda “Timoşenko işi”nin təkrarlanacağı ilə bağlı xəbərdarlıq da edib". Gürcü politoloq Petre Mamradze hesab edir ki, İvanişvili hakimiyyətinin həbslə bağlı mesajları M.Saakaşvilinin ölkədən qaçışını sürətləndirə bilər. Onun fikrincə, M.Saakaşvilinin siyasi motivlərlə təqib olunduğunu əsas gətirərək, xarici ölkələrə sığınacaq üçün müraciət etməsi tamamilə mümkündür.
Maraqlıdır ki, M.Saakaşviliyə yaxın olan və adının çəkilməsini istəməyən mənbə "Frans Press"ə ABŞ rəsmilərinin M.Saakaşviliyə heç olmasa, müvəqqəti də olsa, ABŞ-a getməyi məsləhət gördüklərini vurğulayıb. Ancaq məlumatda Saakaşvilinin Gürcüstanı tərk etməyəcəyini dediyi bildirilir.
Onu da qeyd edək ki, “Gürcü arzusu” blokunun namizədi Georgi Marqvelaşvilinin qələbəsi Rusiyanın siyasi dairələrində böyük məmnunluqla qarşılanıb. Məlumatlarda Marqvelaşvilinin 1969-cu ildə Tiflisdə anadan olduğu, Tiflis Dövlət Universitetinin fəlsəfə və psixologiya fakültəsini bitirdiyi, 1993-1994-cü illərdəsə, Mərkəzi Avropa Universitetində sosiologiya üzrə təhsil aldığı və fəlsəfə doktoru olduğu bildirilir. 2012-ci ilin oktyabrında Georgi Marqvelaşvili Bidzina İvanişvili hökumətinin təhsil naziri təyin edilib. Amma onun özü heç bir partiyanın üzvü deyil. Bu ilin fevralında isə baş nazirin müavini təyin olunub. Rus və ingilis dillərini bilir. Ailəli olmasa da, bir qızı var. Georgi Marqvelaşvili öz seçki platformasında Gürcüstanın gələcəyini belə təsvir edir: “Gürcüstanı mənim prezidentliyim müddətinin sonunda, bu cür təsəvvür edirəm: Bu, o dövlətdir ki, bütün insan hüquqları - siyasi, iqtisadi, sosial, mədəni, ekoloji - müdafiə edilir. Stabil iqtisadi inkişafa malikdir. İşsizlik problemi dəf edilib. İnsanlar sübhün və rifahın möhkəmləndirilməsi üçün can atırlar və çalışırlar. Ölkə dünya birliyinin etibarlı tərəfdaşıdır. Mükəmməl, ləyaqətli həyatın hər sahəsi inkişafdadır: mədəniyyət, elm, idman, media və s. mülki cəmiyyət hakimiyyətdən asılı olmadan inkişaf edir. Biznesin bütün maraqları müdafiə olunur və sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılmışdır. Dövlət öz vətəndaşlarının qayğısını çəkir. Siyasi mühit sabitdir. Ərazi problemlərinin və münaqişələrin həlli yolunda kəsərli addımlar atılmışdır. İnkişafın Avropa vektoru stabildir və qaçılmazdır və heç kəsdə şübhə doğurmur - nə bizdə, nə də ölkədən qıraqda...” Onun bütün bunları həqiqətən edib-etməyəcəyinə əmin olmaq üçünsə yəqin ki, 5 ilin sonunu gözləmək lazım gəlməyəcək.
Sorğu
Yeni dizaynımız necədir?