İranın Lorestan vilayətində molla əri və ailəsi tərəfindən öldürülən azyaşlı qızın qətlini işıqlandıran jurnalist Sina (Qulamhüseyn) Qələndəri həbsə məhkum edilib.
"Azad İran" Telegram kanalı xəbər verir ki, bu barədə o, özü "Twitter" hesabında məlumat yayıb.
Jurnalistin sözlərinə görə, Kuhdəşt şəhər Cinayət Məhkəməsinin qiyabi formada çıxardığı hökmə əsasən, o, "yalan məlumat yaymaq" ittihamı ilə 13 ay 16 gün və "şəxsi fotoları yayma" ittihamı ilə də eyni həbs cəzasına məhkum edilib.
Bundan başqa, Sina Qələndəriyə qarşı "əhali arasında çaşqınlıq yaratmaqla ölkə hakimiyyəti düşmənlərinin sui-istifadəsinə və zərər çəkənlərin hislərinə toxunan" məlumatlar yaymaq ittihamı ilə jurnalist kimi fəaliyyətinə xitam verilməsi, eləcə də "Radio Lorestan" Telegram kanalının 2 il müddətə fəaliyyətinin dayandırılması kimi hökmlər də çıxarılıb.
Qeyd edək ki, Sina Qələndəriyə bu ilin avqust ayının sonlarında 16 yaşı olan qızın "namus" məsələsi üstündə öz əri olan molla və ailəsi tərəfindən qətlə yetirilməsi barədə məlumat yaymışdı. İctimaiyyət arasında geniş müzakirə olunan bu xəbər bir daha İranda azyaşlı qızların yaşlı kişilərə ərə verilməsi və onun səbəb olduğu faciələr məsələsini gündəmə gətirmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?