Gundemxeber.az » Dünya » Rusiya BMT İnsan Haqları Şurasından xaric edildi
BMT Baş Assambleyası cümə axşamı Rusiyanın qurumun İnsan Haqları Şurasından çıxarılmasına səs verib. Səsvermə Rusiyanın Ukraynada qətliamlar törətməkdə ittiham olunmasından sonra baş tutub.
93:24 səslə və 58 ölkənin bitərəf qalması ilə assambleya “insan haqlarını kobud və sistematik şəkildə” və Ukraynaya qarşı beynəxalq qanunları pozduğuna görə Rusiyanın üzvlüyünü dayandırıb.
Qətnamənin qəbul edilməsi üçün üçdə iki səs çoxluğu tələb olunur. Bitərəf qalanlar sayılmır.
“Biz hər hansı dövlətin İnsan Haqları Şurasından xaric edilməsinə dair səsverməni nadir və əlahiddə bir olay kimi qiymətləndiririk,” Ukraynanın BMT-dəki elçisi Serhiy Kislitsa səsvermədən öncə deyib. “Lakin Rusiyanın hərəkətləri bütün əndazələri aşıb. Rusiya təkcə insan haqları pozuntularına yol vermir - o, həm də beynəlxalq sülh və təhlükəsizliyin təməllərini laxladır.”
Cenevrədə qərargahlanan İnsan Haqları Şurasında 47 ölkə təmsil olunur. Onlar Baş Assambleyanın gizli səsverməsi yolu ilə seçilir. Rusiya müddəti 2023-cü il 31 dekabrda başa çatacaq üç illik dönəmə şuraya seçilib.
Çərşənbə axşamı Ukrayna Prezidenti Volodımir Zelenski BMT Təhlükəsizlik Şurasını öz video müraciətində Rusiyanın ölkəsinə qarşı təcavüzünə son qoya bilmədiyinə görə tənbeh etmişdi. O, Moskvanın Ukraynada törətdiyi cinayətlərə görə cavabdeh tutulmasına çağırmışdı.
Birləşmiş Ştatlar Rusiyanın BMT İnsan Haqları Şurasından çıxarılması səylərinə rəhbərlik edərək 60 ölkənin qətnaməyə həmsponsorluq etməsinə nail olub.
“İnsan haqlarını kobud və sistematik şəkildə pozan ölkəyə həmin haqları qorumağa məsul olan qurumda yer yoxdur,” ABŞ Dövlət Katibi Antoni Blinken Brüsseldə müxbirlərə bildirib. “Bu gün həmin səhv düzəldilib.”/amerikaninsesi.org/
20-06-2018, 12:36
5-05-2020, 13:07
20-06-2018, 10:48
6-10-2013, 01:11
26-09-2017, 09:33
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?