“Son sutka ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri tərəfindən FURUX qəsəbəsi ərazisində atəşkəs rejiminin 1 dəfə pozulması qeydə alınıb, nəticədə Dağlıq Qarabağ silahlı birləşmələrinin 1 hərbi qulluqçusu yaralanıb. Sülhməramlı kontingentin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birgə insidenti aradan qaldırıb”. Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının sülhməramlılara aid bölməsində yayılmış xəbər bülletenində belə deyilir.
Diqqəti çəkən budur ki, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasından bəri keçən dövrdə Azərbaycanın rəsmi və qeyri-rəsmi qurumlarının, media və ictimaiyyətinin etirazlarına, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinin martın 26-27-də verdiyi bəyanatlara rəğmən Rusiya MN öz xəbər, bülleten və xəritələrində “Dağlıq Qarabağ” və “Dağlıq Qarabağ silahlı birləşmələri” ifadələrini işlətməkdən əl çəkmir. Həmçinin Azərbaycan MN-in son bəyanatlarında vurğuladığı Azərbaycan Respublikası Xocalı rayonunun Fərrux kəndinin adını yenə də “Furux” kimi işlədir.
Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycana münasibəti haqda mənfi fikir söyləmək çətindir. Onun Azərbaycan rəsmiləri ilə də münasibətləri normaldır. Amma təəssüf ki, onun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin rəsmi saytı daima Azərbaycana münasibətdə qərəzli və tərəfli mövqe tutur. Son açıqlama da buna sübutdur. Bunun qarşısını almaq üçün Bakı nə etməlidir? Rusiya Müdafiə Nazirliyində də ermənipərəst qüvvələr varmı? Gundemxeber.az-ın məlumatına görə, hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, baş verən bu cür hadisələr təsadüfi deyil. Azərbaycan hərbçiləri ərazimiz olan Fərrux yüksəkliklərində yerləşdikdən sonra terrorist erməni silahlıları və Rusiya sülhməramlıları bunu qəbul edə bilmirlər: “Hər gün hansısa təxribatlara cəhd edirlər. Eləcə də Rusiya Müdafiə Nazirliyində yüksək vəzifələr tutan generallar, zabitlər var ki, açıq-aşkar ermənipərəstdirlər, erməniləri müdafiə edirlər. Həmin qüvvələr Azərbaycanın qələbəsini qəbul edə bilmirlər. Bütün güclərini işə salıblar ki, Azərbaycanla Rusiya arasında narazılıqlar, gərginliklər yaransın. Sülhməramlıların davranışlarında müşahidə olunan neqativ halların arxasında da həmin qüvvələr dayanır.
Azərbaycan Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi bu problemlə bağlı Rusiyadakı həmkarları ilə çox ciddi, açıq danışıq aparmalıdır. Məsələ belə qoyulmalıdır ki, sülhməramlılar və Rusiya Müdafiə Nazirliyindən verilən bəyanatlar erməni silahlı dəstələrini şirnikləndirməyə, təxribatlara sövq edir. Bəyan edilməlidir ki, bu kimi hallara son qoyulsun. Əks halda, bundan sonra erməni separatçı silahlı dəstələrinin istənilən təxribatçı hərəkətlərinə qarşı Azərbaycanın müvafiq güc strukturları Azərbaycan qanunlarına və beynəlxalq hüquqa uyğun olaraq sərt tədbirlər həyata keçirəcək və baş verənlərin məsuliyyətini biz daşımayacağıq".
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycan Ordusunun Fərrux dağında möhkəmlənməsi və eyni adlı kəndə nəzarəti bərpa etməsi Rusiya Müdafiə Nazirliyini narahat edib: “Azərbaycan öz ərazilərində möhkəmlənir və sülhməramlı qüvvələrin buna mane olması qanunsuzdur. Rusiya Müdafiə Nazirliyinin son açıqlamaları iki dövlət arasında bağlanan Moskva sazişinə ziddir. Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi prezident Vladimir Putinin imza atdığı sənədlərə hörmət etmir. Bundan əlavə, Rusiyanın Qarabağla bağlı siyasəti dəyişməzdir və bu ölkə imperiya ambisiyalarını davam etdirir. Rusiyanın bundan sonra da bu siyasi oyunlarının şahidi olacağıq. Nə qədər ki, sülhməramlılar oradadır, belə olacaq. Rusiya Müdafiə Nazirliyinin təxribatçı açıqlamaları ilk və son deyil. 3 ildən sonra artıq onlarla müqavilə uzadılmamalıdır və onların ərazimizdən çıxarılmasına nail olmaq lazımdır. Ermənistanla sülh sazişi bağlandıqdan sonra sülhməramlılara ehtiyac qalmayacaq. Prezident İlham Əliyevin bu istiqamətdə uğurlu siyasəti müsbət effekt verir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?