Əfsanəvi braziliyalı futbolçu Pele Rusiya prezidenti Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa çağırıb.
"Davam edən zorakılığa qətiyyən haqq qazandırmaq olmaz. Bu münaqişə dəhşətlidir, əsassızdır və ağrı, qorxu və nifrətdən başqa heç nə gətirmir", - 81 yaşlı Pele Putinə açıq məktubunda bildirib.
"Bunu dayandırmaq sizin əlinizdədir, 2017-ci ildə Moskvada son görüşümüz zamanı sıxdığım əllərdə", əfsanəvi futbolçu əlavə edib.
O zaman Pele 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatından öncə baş tutan Beynəlxalq Futbol Federasiyasının (FİFA) tədbirlərində iştirak edib.
Time jurnalına əsasən, Pele dünyanın 100 ən nüfuzlu adamı siyahısındadır.
Bu gün həmçinin Almaniyanın keçmiş kansleri Angela Merkel də ilk dəfə olaraq Rusiyanın hərəkətləri barədə açıq danışıb.
O, baş verənləri mümkün qədər tez bitirməli olan "barbar müharibə" adlandırıb və qeyd edib ki, Ukraynadakı müharibə "İkinci Dünya Müharibəsinin bitməsindən sonra Avropa tarixində beynəlxalq hüququn həddən artıq kobud pozuntusuna çevrilib".
Fevralın 24-də Rusiya qoşunları Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Ukrayna ərazisinə daxil olub. O, hərbi işğalın məqsədlərini Ukraynanın "denazifikasiyası" və "demilitarizasiyası" adlandırıb, lakin konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından keçən üç ay ərzində minlərlə, bəzi mənbələrə görə isə on minlərlə dinc sakin hərbi əməliyyatların qurbanı olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?