Rusiya prezidenti Vladimir Putin Qərbin Kyevi uzun mənzilli silahlarla təmin edəcəyi təqdirdə Ukraynada “hələ vurulmayan” hədəflərə zərbə endiriləcəyini bildirib.
İyunun 5-də “Rossiya-1” dövlət televiziya kanalına müsahibəsindən çıxarışlarda Putin deyib ki, Qərbin Ukraynaya silah verməsi ilə bağlı “hay-küy” münaqişəni uzatmaq üçün “bir hiylədir.”
Putin Rusiyanın hansı yeni hədəfləri vura biləcəyini açıqlamayıb.
Rusiya fevralın 24-də Ukraynaya hərbi hücuma başladıb. 100 gündən çox davam edən döyüşlərdə on minlərlə insan həlak olub, milyonlarla insan ölkəni tərk edib.
Rusiya münaqişə zamanı itkiləri barədə ətraflı məlumat yaymayıb. Lakin Qərb və Ukrayna təhlilçilərinə əsasən, itkilər Moskvanın ilkin olaraq gözlədiyindən qat-qat çoxdur.
Ukrayna Rusiya qüvvələrinin dərinliyinə zərbələr endirmək üçün M270 və M142 HIMARS raket sistemi əldə etmək istəyir.
ABŞ prezidenti Co Bayden raket sistemlərinin Rusiya daxilindəki hədəfləri vurmaq üçün istifadə olunmayacağına əmin edildikdən sonra keçən həftə Ukraynaya HIMARS sisteminin veriləcəyini bildirib.
İspaniyanın “El Pais” qəzeti iyunun 5-də yazıb ki, Madrid Ukraynaya zenit raketləri və “Leopard” döyüş tankları verməyi planlaşdırır. İspaniya ölkənin 500 hərbçisi yerləşdirdiyi Latviya bazasında ukraynalı hərbçilərə silahlardan istifadəni öyrətməyi planlaşdırır.
Putin bildirib ki, yeni silahlar “Ukrayna texnikasının itkilərini əvəz etmək üçün” nəzərdə tutulub və “mahiyyətcə heç nəyi dəyişməyəcək”.
Təhlilçilərin fikrincə, ABŞ-ın Ukraynaya ağır artilleriya silahlarının verilməsi ilə bağlı tərəddüdünün səbəbi, bunun Rusiyanı təxribata çəkə biləcəyi ehtimalı idi.
Bəzi təhlilçilər deyirlər ki, ABŞ administrasiyanın silah təchizatı ilə bağlı daxili debatları Ukrayna üçün dəyərli vaxtın itirilməsinə səbəb olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?