Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyə şəhərində iki inşaat işçisi iş qəzası nəticəsində həyatını itirib.
Bu barədə təcili tibbi yardım mərkəzinin rəhbəri Bağır Bəhrami məlumat verib.
Rəsminin dediyinə görə, iyunun 6-da iki inşaat işçisi güclü külək nəticəsində hündürlükdən düşərək həyatını itirib.
İşçiərdən biri hündürlükdən düşdükdən az sonra dünyasını dəyişib.
“İkinci işçi isə təcili tibbi yardım əməkdaşları tərəfindən reanimasiya edilərək xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas edə bilməyiblər,”- deyə, rəsmi bildirib.
Baş vermiş hadisə bəzi vətəndaşlar tərəfindən mobil telefonla çəkilib və müxtəlif xəbər portallarında və sosial media hesablarında yayımlanıb.
Hamshahrionline xəbər portalı hadisə ilə bağlı verdiyi məlumatda Urmiyə şəhərində günlərdir güclü külək əsdiyi, hadisənin baş verdiyi gün isə küləyin sürətinin saatda 60 kilometrə çatdığını, küləyin elektrik qurğularına və ağaclara ziyan verdiyini qeyd edib.
İran Radio və Televiziya qurumunun yayımladığı məlumata əsasən, ölkədə hər il 13 min iş qəzası baş verir ki, bunlardan 700 ilə 800 arasında hadisə işçilərin həyatını itirməsi ilə nəticələnir.
Statistikalara görə, İran işçilər üçün əməyin mühafizəsi və məşğulluq təminatı baxımından dünya ölkələri arasında yüksək göstəricələrə malik deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?