Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətləri alyansın bu ay keçiriləcək sammiti ərəfəsində hələ də sual altında qalır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki ölkəni terrorçuları dəstəkləməkdə ittiham edərək, onların üzvlüyünə etirazını sərtləşdirir. Ekspertlər Türkiyənin veto hüququndan NATO üzvləri, xüsusilə də ABŞ-dan güzəştlər almaq üçün istifadə etdiyini bildirir.
May ayında İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün rəsmi şəkildə müraciət etdilər. O vaxt bu müraciət formal xarakter daşıyırdısa, indi maneə ilə qarşılaışıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç və Finlandiya Türkiyə qüvvələrinə qarşı silahlı müqavimət göstərən və Ankaranın terror qruplaşması hesab etdiyi PKK kürd üsyançı qrupuna dəstəyini dayandırmasalar, onların müraciətlərinə veto qoyulacaq.
Helsinki və Stokholm PKK-ya dəstəyi inkar edir. Finlandiya və İsveç rəsmiləri Türkiyənin narahatlığını həll etməyə çalışdıqlarını bildirir.
“Fakt budur ki, Türkiyənin çox mühüm bir kartı var - veto kartı. Mən bunun belə asan həll olunacağını düşünmürəm,” Xarici Əlaqələr üzrə Avropa Şurasının təhlilçisi Aslı Aydıntaşbaş qeyd edir.
Birləşmiş Ştatlar və Avropa İttifaqı da PKK-nı terror təşkilatı kimi tanıyıb.
Ərdoğan həmçinin ölkələri PKK ilə əlaqəli olduğunu bildirdiyi Suriya kürdlərinin YPG-yə dəstəyi dayandırmağa çağırır.
Finlandiya, İsveç, və ABŞ da daxil olmaqla bir sıra NATO ölkələri Suriyanın şimalında İslam Dövləti militant qruplaşmasına qarşı əsas müttəfiq olan YPG-ni dəstəkləyir.
Lakin Ərdoğanın NATO-nun genişlənməsi ilə bağlı mövqeyini sərtləşdirməyin əsl hədəfi prezident Bayden ola bilər.
“Çoxları Finlandiya və İsveçlə bağlı etirazların əslində Birləşmiş Ştatlara Türkiyəni daha ciddi qəbul etməsi, Türkiyə ilə əlaqə saxlaması və prezident Baydenə prezident Ərdoğanın prezident Tramp ilə qurduğu şəxsi münasibətləri canlandırmaq üçün çağırış olduğunu hesab edir,” Kadir Has Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Soli Özel bildirir.
Sələflərindən fərqli olaraq, Türkiyədə insan haqlarının durumunu tənqid edən Bayden Ərdoğanla birbaşa əlaqə saxlamaqdan əsas etibarilə çəkinib. Təhlilçilər Vaşinqtonun bunun əvəzinə digər NATO ölkələri ilə birlikdə İsveç və Finlandiyada təhlükəsizlik qüvvələri yerləşdirməklə Türkiyə tərəfindən veto təhlükəsini ötərək, Türkiyəni daha da təcrid edəcəyini deyir.
Ekspertlər belə bir vəziyyətdə Türkiyənin milli valyutası lirənin hazırda əlavə təzyiq altında olduğu bir vaxt Türkiyə iqtisadiyyatına zərbə vurulacağını bildirir.
Lakin təhliçilər deyir ki, Ərdoğan NATO-ya müqavimət göstərməsinin elektoratı tərəfindən bəyəniləcəyini bildiyi üçün bu bədəli ödəməyə hazır ola bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?