gundemxeber.az Prezident seçkilərinin yaxınlaşması ölkədə siyasi gərginliyin artması ilə müşahidə olunmaqdadır. Artıq hətta bəzi dairələrdən yeni inqilab anonsları da eşidilməkdədir. Bununla bağlı elektron ünvanımıza maraqlı bir müraciət daxil olub. Belə ki, özünü Türk Milli Alayı adlandıran bir təşkilat qarşıdan gələn prezident seçkilərilə bağlı bəyanat verib.
Bəyanat müəllifləri bildirirlər ki, Azərbaycana qarşı Rusiya və İran tərəfindən basqılar var və hər iki qonşu ölkə Azərbaycanda süni şəkildə etnik problemlər yaratmaq niyyətindədirlər: «Azərbaycan etnik baxımdan rəngarəng olsa da, bu ölkənin superetnosunun say üstünlüyü hər zaman qabarıq şəkildə hiss olunduğundan istənilən bir etnik zəminli gərginliyin yaradılma təşəbbüsləri mənasız hesab oluna bilər. Amma bir məsələni unutmaq lazım deyil ki, bu gün xırda gördüyümüzlərin arxasında iri qüvvələr dayanıb və onlar nəinki könlümüzü bulandırmağı, bütünlükdə olaraq Azərbaycanı qarışdırmağı düşünürlər».
Daha sonra konkret misallar çəkən Türk Milli Alayının fəalları (bəyanat onların adından imzalanıb -red.) qeyd edirlər ki, Azərbaycanda düşmən ölkələrin əlində alətə çevrilən və çevriləcək istənilən bir şəxs qəti şəkildə bilməlidir ki, bu dövlət və millət asi olana qarşı amansız olacaq: «Azərbaycan türkləri hər zaman xoşgörülü olduğundan etnik və dini rəngarəngliyə normal yanaşıb. Amma bu mənzərə dövlətimizin bütünlüyünü təhlükə altına atarsa, o zaman bir anın içində bütün dəyərlərə tüpürəcək qəzəbə də malikdir».
Daha sonra bəyanat müəllifləri çağırış edərək, belə bir həssas dönəmdə Rusiya və İranın təxribatına uymamağın hər kəs üçün ən ümdə şərt olduğunu da bildirdi: «Bu gün İran dini zəmində də ölkəmizdə təxribatlar törətməyə çalışır. Ayrı-ayrı yerlərdə İranın mollaları süni şəkildə sünni-şiə davasına zəmin hazırlayır. Rusiya illərdir bir qrup separatçını bəsləməkdədir. İndi isə onların prezident seçkisi öncəsi təxribat edəcəyi deyilir. Hər halda, bu ölkənin sahibi olan bizlər istənilən bir təxribatın qarşısını almağa bir millət şəklində ayıq və hazırlıqlı olmalıyıq».
Onu da qeyd edək ki, Türk Milli Alayının qurucuları özləri barədə heç bir bilgi vermirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?