IRNA dövlət xəbər agentliyi cümə günü yüksək vəzifəli iranlı diplomata istinadən bildirib ki, Avropa İttifaqının 2015-ci il İranın nüvə sazişini canlandırmaq üçün verdiyi təklifi Tehranın əsas tələbləri ilə bağlı “təminat təqdim edərsə, məqbul ola bilər”.
Avropa İttifaqı bazar ertəsi Vyanada ABŞ və İran rəsmiləri arasında dörd günlük dolayı danışıqlardan sonra “yekun” mətni irəli sürdüyünü bildirib.
Avropa İttifaqının yüksək səviyyəli rəsmisi 15 aydır müzakirələr gedən mətnə daha heç bir dəyişiklik edilə bilməyəcəyini bildirib. O, “bir neçə həftə” ərzində tərəflərdən yekun qərar gözlədiyini deyib.
IRNA xəbər agentliyi naməlum iranlı diplomata istinadən bildirib ki, Tehran bu təklifi nəzərdən keçirir. “Avropa İttifaqının təklifləri İrana təhlükəsizlik tədbirləri, sanksiyalar və zəmanətlər məsələsində təminat verərsə, məqbul ola bilər” - deyə, diplomat bildirib.
İslam Respublikası heç bir gələcək ABŞ prezidentinin keçmiş Prezident Donald Trampın 2018-ci ildə etdiyi kimi - razılaşmadan imtina etməyəcəyinə və ABŞ-ın İrana qarşı sərt sanksiyalarını bərpa etməyəcəyinə dair zəmanət almağa çalışıb.
Lakin Prezident Co Bayden bu cür sərt zəmanətlər verə bilməz, çünki bu razılaşma hüquqi cəhətdən məcburi bir müqavilə deyil, siyasi anlaşmadır.
Vaşinqton razılaşmanın bərpasına Avropa İttifaqının təklifləri əsasında gəlməyə hazır olduğunu bildirib.
İran rəsmiləri “əlavə fikir və mülahizələrini” danışıqları əlaqələndirən Avropa İttifaqına Tehrandakı məsləhətləşmələrdən sonra çatdıracaqlarını bildirib.
2015-ci il paktı mart ayında canlanmağa yaxın görünürdü. Lakin Tehran və Bayden administrasiyası arasında Vyanada 11 ay davam edən dolayı danışıqlar, İranın Vaşinqtonun öz elit İnqilab Keşikçiləri Korpusunu ABŞ Xarici Terror Təşkilatları siyahısından çıxarmaqda israr etməsi ilə bağlı qarışıqlığa səbəb olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?