ABŞ-ın İsveç və Finlandiyanın alyansa üzvlüyünü ratifikasiya edərək, NATO-nun genişlənməsi istiqamətində atdığı son addım Rusiya prezidenti Vladimir Putin üçün ağır zərbə hesab edilir. Bu, son iyirmi ildən çox müddət ərzində hərbi alyansın ən əhəmiyyətli səviyyədə genişlənməsi deməkdir. Eyni zamanda, Finlandiyanın NATO-ya üzv olması ilə alyansın Rusiya ilə sərhədi 1300 kilometr genişləndiriləcək. Prosesin tamamlanması üçün daha yeddi ölkənin Finlandiya və İsveçin alyansa üzvlüyünə dəstəyi lazımdır.
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsinə birbaşa cavab olaraq Finlandiya və İsveçin NATO-ya daxil olmasını rəsmən təsdiqləyib.
Prezident Co Bayden: “Putin Rusiyasının Avropada sülhü və təhlükəsizliyi pozduğu, avtokratların qaydalara əsaslanan nizamın əsaslarına meydan oxuduğu bir vaxt Transatlantik Alyansın gücü və Amerikanın NATO-ya sadiqliyi həmişəkindən daha vacibdir.”
Finlandiya və İsveç alyansa kiçik, lakin qabaqcıl hərbi qüvvələr əlavə edəcək. Finlandiyanın alyansa daxil olması NATO-nun Rusiya ilə sərhədini 1300 kilometrdən çox genişləndirəcək. Demokratiyaları Müdafiə Fondunun təhlilçisi Bradli Boumanın fikrincə, bu, Putinin hesablamalarına birbaşa təsir göstərəcək.
“Əgər siz Rusiya hərbi qüvvələrinin strategi və ya Vladimir Putinsinizsə və NATO-ya qarşı təcavüz etmək fikrindəsinizsə və bunu Qara dəniz regionunda və ya başqa bir yerdə, hətta Baltikyanı ölkələrdə etməyi planlaşdırırsınızsa, siz bunu etsəniz, Finlandiyadan sizə nə gələ biləcəyini düşünməlisiniz,” Bradli Bouman bildirib.
Müdafiə naziri Lloyd Austin ABŞ-ın Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketini elan etməsindən bir gün sonra Latviyada ABŞ əsgərlərini ziyarət edib.
Rusiya Ukrayna qüvvələrinə ağır itkilər verib, lakin Pentaqon Ukraynanın Qərbin verdiyi silahlardan səmərəli istifadə etməyə davam etdiyini və Rusiyanın Ukraynada 3000 ilə 4000 arasında zirehli texnika və daha çox hərbçi itirdiyini bildirir.
“Müharibədə məlum olmayan çox şey var. Lakin fikrimcə, rusların 6 aydan az müddətdə tam yəqinliklə 70 və ya 80 min nəfər itirdiyini güman etmək mümkündür,” müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl bildirib.
Bu həftə Buçada Rusiyanın aylardır davam edən müharibəsinin naməlum qurbanları dəfn edildikcə daha çox məzar aşkar edilib.
Çərşənbə axşamı səhər saatlarında Rusiyanın Krımdakı bazasında güclü partlayışlar baş verib.
Krımın qubernatoru partlayış nəticəsində bir nəfərin öldüyünü bildirib.
Ukraynanın yüksək rütbəli hərbi rəsmisi hücumun arxasında Ukraynanın dayandığını bildirib. Rusiya isə partlayışın bazada hərbi sursatın partlaması nəticəsində baş verdiyini iddia edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?