Dekabrın 1-də 1 Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılıb və noyabrın 30-da Fransa parlamentinin Aşağı Palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı ona qəti etiraz bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Milli Assambleyada qəbul edilmiş qətnamənin də "Fransanın Azərbaycana qarşı növbəti təxribatı" olduğu qeyd edilib.
"Fransanın ölkəmizə qarşı beynəlxalq hüquqa zidd, qərəzli və birtərəfli mövqeyinin əks olunduğu bu qətnamədə əks olunmuş iddiaların hər biri tutarlı şəkildə cavablandırılıb. Fransanın bir sıra digər addımları kimi bu qətnamənin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə zərbə vurmaq cəhdi olduğu diqqətə çatdırılıb.
Qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin verdiyi açıqlamaların həmin qətnamənin də arxasında Fransa hökumətinin dayandığını, bu ölkənin ədalətli və bitərəf vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb. Görüşdə qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd olunduğu bildirilib və Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsi bir daha təkidlə tələb edilib" , nazirliyin məlumatında qeyd edilir.
Fransanın müvəqqəti işlər vəkili bir müddət öncə Senatda qəbul olunmuş qətnamə kimi Milli Assambleyada da qəbul olunmuş bu qətnamənin Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini, hökumətin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqları dəstəklədiyini bildirib. O, Azərbaycan tərəfinin mövqeyini aidiyyəti üzrə çatdıracağını əlavə edib.
Noyabrın 30-da Fransa parlamentinin Aşağı Palatası Azərbaycana tənqidi növbəti qətnamə qəbul edib.
Sənəddə "13-14 sentyabr tarixlərində Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü və onun suverenliyini pozması" tənqid edilir.
Fransız parlamentarlar "Azərbaycan tərəfindən Ermənistan Respublikasının suveren ərazisinin hərbi işğalına son qoyulması və Azərbaycan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılması"na çağırırlar.
Aşağı Palata 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyannamələrin şərtlərinə ciddi şəkildə riayət etməyə çağırır və Fransa hökumətinə "Cənubi Qafqazda hərbi əməliyyatların dayandırılmasını və mülki əhalinin təhlükəsizliyini təmin etmək iqtidarında olan" beynəlxalq qüvvələr göndərmək üçün BMT ilə işləməyi təklif edir.
Qətnamədə Ermənistanın təhlükəsizliyini təmin etmək iqtidarında olmayan və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi yardım çağırışlarına məhəl qoymayan Rusiyanın ünvanına tənqid yer alır.
Qətnamənin preambulasında Azərbaycanın ünvanına beynəlxalq hüququ pozmaq və hərbi cinayətlər törətmək ittihamları əksini tapır.
Fransa hökumətinin Ermənistan və Azərbaycanla bağlı Senatın, daha sonra isə Milli Assambleyanın qəbul etdiyi iki qətnaməyə münasibəti ilə bağlı sualı cavablandıran Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, qəbul edilən qətnamə hökumətin rəsmi mövqeyini əks etdirmir və müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib.
"Fransa hökumətinin mövqeyi məlumdur və nazir tərəfindən dəfələrlə, xüsusən də noyabrın 29-da bildirilmişdir, yəni Fransa sülh əldə etmək fürsətindən istifadə etmək üçün tərəfləri bu danışıqlarda irəliləməyə təşviq etməkdə davam edir. Məhz bu ruhda Respublika Prezidenti Ermənistan və Azərbaycan prezidentlərini Praqada bir araya gətirdi və bu görüş Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisinə yerləşdirilməsinə xüsusi səbəb oldu" , o deyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?