Gundemxeber.az » Dünya » Azərbaycan və Türkmənistan Xəzər dənizinin dibinin bölünməsi barədə saziş layihəsini müzakirə edib
Yanvarın 24-25-də Aşqabadda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib.
“Birgə işçi qrupunun iclası zamanı Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş layihəsinin müddəalarının müzakirəsi davam edib”, məlumatda qeyd edilir.
Bundan öncə, 2022-ci il sentyabrın 12-13-də Bakı şəhərində Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə iki ölkənin birgə işçi qrupunun iclası keçirilib.
“Görüşdə Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan və Türkmənistan arasında Saziş layihəsinin müddəaları müzakirə edilib. Tərəflər Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə danışıqlar prosesini davam etdirmək barədə razılığa gəlib”, məlumatda qeyd edilir.
1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb. Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb.
1998-ci ilin iyulunda Moskvada Rusiya ilə Qazaxıstan arasında “Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş” imzalanıb.
2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın nəzarətində qalıb.
Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. Türkmənistan 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.
Türkmənistan tərəfi iddia edib ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Aşqabad hesab edib ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Azərbaycan tərəfi bu prinsiplə razılaşmayıb.
İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edib. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarı olub. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləməyib. İran da Rusiya kimi xarici ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyib.
Bununla yanaşı, tərəflər Xəzərin ekologiyası, su səthindən ümumi istifadə, terrorizmə, qaçaqmalçılığa qarşı birgə mübarizə ilə bağlı razılıqlar əldə ediblər.
Nəhayət 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.
Konvensiyaya əsasən Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, 10 mil məsafədə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur.
Sənədə görə, dənizin dibi tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektorlara bölünür. Dənizin dibindən ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin və trans-xətlərin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular və digər trans-xətlər çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq.
Konvensiyaya görə, dənizin sektorlara bölünməsi materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə tutulmaqla aparılacaq. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq.
Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülüb.
Gundemxeber.az
8-02-2019, 14:55
18-06-2021, 10:23
15-08-2018, 13:51
19-02-2019, 11:29
19-07-2017, 10:37
Sorğu
Yeni dizaynımız necədir?