Bazar ertəsi Pakistanın şimal-qərbində məscidə hücum nəticəsində ölənlərin sayı azı 100 nəfərə çatıb.
Xeyber-Paxtunxva əyalətinin mərkəzi Peşəvər şəhərinin mərkəzində bombanın partlaması nəticəsində 150-dən çox adam yaralanıb. Çərşənbə axşamı xilasedicilər hələ də dağıntılar altından qurbanları çıxarıb. Partlayış o qədər güclü olub ki, binanın damı uçub.
Məscidə təhlükəsizlik işçiləri və dövlət məmurları tez-tez üz tutduğundan, qurbanlar əsasən əyalət polisinin əməkdaşları olub. Hücum ənənəvi günorta namazı zamanı baş verib.
Polis rəsmiləri hücumla bağlı araşdırma apardıqlarını bildirib.
Pakistanın paytaxtı İslamabadda rəsmi açıqlama verən baş nazir Şahbaz Şərif "Peşəvər məscidindəki intiharçı hücumu pisləyib".
Pakistan müxalifətinin lideri, keçmiş baş nazir İmran Xan da Twitter hesabında partlayışı pisləyib və bunu "terrorçu intihar hücumu" adlandırıb.
İmran Xan "Biz kəşfiyyat məlumatlarımızı təkmilləşdirməli və artan terror təhlükəsi ilə mübarizə aparmaq üçün polis qüvvələrimizi lazımi şəkildə təchiz etməliyik" yazıb.
2014-cü ildə Pakistan Talibanının hərbi məktəbə hücumu zamanı çoxu uşaq olmaqla, 150-dən çox insan həlak olmuş və bu, "Milli Fəaliyyət Planı" adlı geniş antiterror kampaniyasına səbəb olmuşdu.
Pakistan Talibanı Amerikanın Səsi də daxil olmaqla, media orqanlarına verdiyi açıqlamada bazar ertəsi ölümcül hücumu həyata keçirmədiyini bildirib.
Cənubi Asiya "Terrorizm Portalı"nın məlumatına görə, 2022-ci ildə Pakistanda 360 terror hadisəsi qeydə alınıb, 973 nəfər həlak olub. Onlardan 180-ni Hayber Paxtunxvada baş verib. Hücumların əksəriyyətini "Təhrik-e Taliban Pakistan" öz üzərinə götürüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?