Ukrayna ordusunun verdiyi məlumata görə, həftə sonu Ukraynanın iki - şimal-şərqdə Xarkiv və cənub-şərqdə Zaporijye vilayətləri Rusiyanın raket və artilleriya atəşinə məruz qalıb.
Xerson vilayətinin qubernatoru Oleksandr Prokudin Rusiyanın döyüş təyyarələrinin bazar günü axşam saatlarında iki yaşayış məntəqəsinə zərbələr endirdiyini bildirsə də, itkilər barədə dərhal məlumatın olmadığını deyib. Bu barədə Associated Press xəbər agentliyi məlumat verib.
Xarkiv qubernatoru Oleh Sinyehubov bildirdiyinə görə, əvvəllər Rusiya qüvvələrinin nəzarətində olan və keçən ilin sentyabrında Ukraynanın geri aldığı Kupyansk şəhərinin bazar günü atəşə tutulduğu zaman iki nəfər həlak olub.
Associated Press Sinyehubovun bazar günü Telegram kanalında şəhərin hələ də hücuma məruz qaldığını və Rusiya qüvvələrinin yaşayış məntəqələrini reaktiv yaylım atəşi sistemləri ilə hədəf aldığını yazdığını bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın pravoslavların Pasxa bayramının ilk Müqəddəs Bazar günü həyata keçirdiyi hava hücumlarını pisləyib. Ukraynanın 41 milyon əhalisinin əksəriyyəti aprelin 16-da Pasxa bayramını qeyd edən pravoslav xristianlardır.
Zelenski gecə etdiyi video-müraciətində "Terrorçu dövlət Müqədəs Bazarı belə qeyd edir. Bununla Rusiya özünü dünyadan daha da təcrid vəziyyətinə salır" deyib.
Zelenski, həmçinin Ukraynada döyüşən müsəlman əsgərləri, Krım tatarları Məclisinin nümayəndələri və müsəlman din xadimləri ilə birlikdə müqəddəs Ramazan ayında təşkil olunmuş iftarda iştirak edib.
Onun rəsmi saytı xəbər verir ki, tədbir Kyiv vilayətindəki Krım tatarlarının "Birlik" mədəniyyət mərkəzinin ərazisində keçirilib.
Zelenskinin saytında iftar zamanı Ukrayna dövləti və vətəndaşlarının müdafiəsi uğrunda canlarından keçən əsgərlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi deyilib.
"Müharibənin kədərinə və əzabına baxmayaraq, müqəddəs Ramazan sizin üçün parlaq olsun! İftar dünyanın hər yerində, müsəlman cəmiyyətində, harada olursunuzsa olun, hər kəsə təsəlli gətirsin! Dünyanın böyük müsəlman icması, hər bir millət, hər bir dövlət hər zaman Ukraynaya arxalana bilər, çünki bizdə hörmət və həmrəylik var" - deyə, Zelenski gecə müraciətində bildirib.
Sorğu
Yeni dizaynımız necədir?