Rusiya qüvvələrinin bazar günü Ukraynanın şərq bölgəsinə yeni zərbələr endirdiyi bir vaxt Rusiya raketləri Ukraynanın cənubunda strateji əhəmiyyətli Mikolaiv şəhərinə son üç gün ərzində ikinci raket hücumu həyata keçirib.
Associated Press agentliyinin verdiyi məlumata görə, hücumun hədəfi “sənaye və infrastruktur obyekti” olub.
Mikolaiv şəhərinin meri Oleksandr Senkeviç bildirib ki, Rusiya raketləri şəhərin əsas sənaye və infrastruktur obyekti olan gəmiqayırma mərkəzini vurub. Ölənlər barədə dərhal məlumat verilməyib.
Rusiya qüvvələri Ukraynanın Qara dəniz sahili bölgəsini Rumıniya sərhədinə qədər bütünlüklə kəsməyə çalışdığını bildirib. Ukrayna qüvvələri beş aydır davam edən müharibənin ilkin mərhələsində Rusiyanın işğal etdiyi Krım yarımadası və Ukraynanın əsas liman şəhəri olan Odesa arasında Qara dəniz sahilinə yaxın olan Mikolaivi ələ keçirmək cəhdlərini dəf edib.
Rusiya qüvvələri o vaxtdan bəri həm Mikolaiv, həm də Odesa şəhərlərinə davamlı olaraq raket zərbələri endirib.
Rusiyanın hazırda nəzarəti altında olan şərq bölgələrindən Odesaya doğru irəliləmək istiqamətində əsas diqqəti Mikolaiv şəhərinə yönəltdiyi bildirilir.
Ukrayna hərbi qüvvələri Rusiyanın Ukraynaya hücumunun növbəti mərhələsinə hazırlaşdığı barədə xəbərdarlıq edərək, Moskvanın Ukraynanın nəzarətində olan Slavyanska hücum məqsədilə bölmələrini yenidən qruplaşdırdığına dair əlamətlərin olduğunu bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü gündəlik müraciəti zamanı ukraynalıları Rusiyanın və digər ölkələrin Ukrayna haqqında mediada yaydıqları dezinformasiya və təbliğata görə “emosional suverenlik” inkişaf etdirməyə çağırıb.
“Biz düşmənin davamlı olaraq bizə qarşı törətdiklərindən asılı deyilik,” Zelenski deyib.
O bildirib ki, Ukrayna xalqı “kimdən gəldiyindən asılı olmayaraq, onların kimə və nəyə lazım olduğunu görmək üçün hər hansı bir məlumatı, istənilən mesajı şüurlu şəkildə qavramağı bacarmalıdır.”
“Bəzən media silahları adi silahlardan daha çox şey edə bilər. Ukraynanın birliyini yalan və ya hədə-qorxu, saxta məlumat və ya sui-qəsd nəzəriyyələri ilə pozmaq olmaz,” Zelenski bildirib.
Rusiya və Ukrayna qüvvələri şənbə günü Donbas bölgəsində bir-birini artilleriya atəşlərinə məruz qoyub. Qərbin çatdırdığı uzunmənzilli silahların döyüş meydanında Ukraynaya kömək etməyə başladığı bir vaxt Rusiya raketlərinin Ukraynanın bir sıra şəhər və qəsəbələrinə zərbələri nəticəsində yaşayış binaları və digər binalara zərər dəyib. Kiyev rəsmiləri raket zərbələrinin son günlər onlarla insanın ölümünə səbəb olduğunu bildirib.
ABŞ və Ukrayna rəsmiləri Birləşmiş Ştatların Ukraynaya təqdim etdiyi raket sistemlərinin Rusiyaya qarşı mübarizədə böyük təsirə malik olduğunu və Ukrayna qüvvələrinə Donbas regionunda Rusiya ordusunu saxlamağa kömək etdiyini bildirirlər.
Bu, fevralın sonunda müharibə başlayandan bəri minlərlə insanın regionu tərk etməsi və mülki əhalinin yaşadığı ərazilərin hücuma məruz qalması fonunda baş verir. Rusiya Ukraynada mülki insanları hədəf aldığını təkzib edir.
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynada apardığı müharibəni “qaydalara əsaslanan nizamı pozmaq cəhdlərinə” nümunə adlandırıb. Bayden bu açıqlamaları şənbə günü Səudiyyə Ərəbistanına səfəri zamanı verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?