Yaponiya və Cənubi Koreya liderləri NATO görüşləri üçün Litvaya səfər etdiyi və çərşənbə günü ikitərəfli sammit keçirməyə hazırlaşdığı bir vaxt Şimali Koreya şərq sahili yaxınlığında uzun-mənzilli ballistik raketi havaya buraxıb.
Gundemxeber.az bildirir ki, Cənubi Koreya Birgə Qərargahlar rəisinin məlumatına görə, qitələrarası olduğu güman edilən ballistik raket yerli vaxtla səhər saat 10-da Şimali Koreya paytaxtı Pxenyan ətrafındakı bir ərazidən havaya buraxılıb.
Seul və Tokionun verdiyi məlumata əsasən, raket yüksək trayektoriya ilə hərəkət edərək, Yer kürəsi atmosferini keçib və daha sonra təxminən 1000 kilometr şərqdə yerə düşüb.
Yaponiya raketin havaya buraxılandan 74 dəqiqə sonra suya düşmədən öncə 6000 kilometr hündürlüyə çatdığını təxmin edir. Yaponiya müdafiə nazirliyi bildirib ki, əgər doğrudursa, bu, Şimali Koreya raketinin ən uzun uçuşu olacaq.
Litva paytaxtı Vilnüsda səfərdə olan Cənubi Koreya Prezidenti Yun Suk Yeol Seulda müvafiq nazirlərlə video görüntü vasitəsilə fövqəladə Milli Təhlükəsizlik Şurası iclası keçirib.
Yunun ofisinin məlumatına görə, raketin havaya buraxılmasını tənqid edən Cənubi Koreya prezidenti deyib ki, Şimali Koreyanın qanunsuz fəaliyyətlərinin bədəli olacaq. O, NATO sammitində bir araya gələn ölkələrin dəstəyini gücləndirməyi vəd edib. O həmçinin gələn həftə planlaşdırılan ABŞ-Cənubi Koreya Nüvə Məsləhətçi Qrupunun ilk iclası fonunda “uzadılmış nüvə yayındırıcılığı”nın daha da gücləndirilməsinə göstəriş verib.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno deyib ki, Tokio Pekindəki səfirliyi vasitəsilə dərhal Şimali Koreyaya kəskin etirazını bildirərək, belə ballistik raketlərin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozduğunu vurğulayıb. O əlavə edib ki, Yaponiya indiki halda raketin "peyk" daşıdığına inanmır.
Çərşənbə günü raket atılmadan öncə 31 NATO ölkəsi Vlinüs Sammiti Komyunikesi dərc edib və Pxenyanı nüvə silahalrı proqramından tam, yoxlanıla bilən və geri qaytarılmaz şəkildə imtina etməyə və dəfələrlə irəli sürülən dialoq təkliflərini qəbul etməyə çağırıblar.
Sammitin ikinci günündə Asiya-Sakit Okean 4 qrupunun üzvləri - Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya – NATO ölkələri ilə Çinin regiondakı nüfuzunu müzakirə ediblər.
Bundan əlavə çərşəbə günü Yaponiya baş naziri Fumio Kişida və Cənubi Koreya Prezidenti Yun arasında ikitərəfli sammit planlaşdırılıb. Həmin sammit çərşivəsində iki liderin Yaponiyanın Fukusima Daiiçi nüvə stansiyasından təmizlənmiş çirkab sularını buraxmaq planını müzakirə edəcəkləri gözlənilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?