ABŞ rəsmiləri Pekini Rusiya ordusunu ikili təyinatlı mallarla təchiz etməkdə ittiham etdikdən sonra Çin pilotsuz uçuş aparatlarının və onların komponentlərinin ixracına məhdudiyyətlər qoyur.
Gundemxeber.az xəbər verir ki, bu barədə Associated Press Çin Ticarət Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, bundan sonra uzun mənzilli mülki dronların xaricə çatdırılması yalnız ixrac lisenziyası alındıqdan sonra mümkün olacaq.
Nazirlik qeyd edir ki, ixrac məhdudiyyətləri Çinin "məsuliyyətli ölkə” statusunu nümayiş etdirmək məqsədi daşıyır:
"Yüksək performansa və qabiliyyətə malik bəzi mülki pilotsuz uçuş aparatlarının hərbi məqsədlər üçün istifadə edilməsi riski getdikcə artır
Çəkisi 7 kq-dan çox olan, 30 dəqiqədən çox havada qalma, obyektləri daşıma və yerə atma qabiliyyətinə malik pilotsuz uçuş aparatları ixrac nəzarətinə keçəcək.
Məhdudiyyətlər sentyabrın 1-dən qüvvəyə minəcək və iki il davam edəcək. Nazirlik, qadağanın hansı bölgələr üçün tətbiq olunduğunu dəqiqləşdirmədən, maraqlı ölkələrin artıq Pekindən bildirişlər aldıqlarını bildirib.
ABŞ kəşfiyyatının məlumatına görə, 2023-cü ilin mart ayına qədər Çin Rusiyaya ən azı 12 milyon dollar dəyərində PUA və onlar üçün komponentlər tədarük edib. Vaşinqtona görə, bundan başqa, Çin dövlət şirkətləri Rusiya Federasiyasına naviqasiya avadanlığı, elektron mübarizə texnologiyaları və döyüş təyyarələri üçün ehtiyat hissələri təqdim edir.
Politico Çin gömrük məlumatlarına istinadən, ixracı daha da yüksək qiymətləndirir - Çinin ən böyük PUA istehsalçısı DJI mart ayında Rusiya bazarını tərk etdiyini və fəaliyyətini dayandırdığını elan etməsinə baxmayaraq, Çindən Rusiyaya dron ixracının həcmi 100 milyon dollardan çox olub.
Ukrayna da Çinin pilotsuz uçuş aparatlarını alır, lakin miqyası daha azdır - 2023-cü ilin əvvəlindən cəmi 3 milyon dollar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?