Liviyanın Derna şəhərində daşqınlar zamanı ən azı 11300 nəfər həlak olub, ölkənin digər bölgələrində isə 170 nəfərin ölümü məlumdur. Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatına istinadən beynəlxalq media məlumat yayıb.
Təşkilatın məlumatına görə, Dernanın daha 10100 sakini haqda hələ də məlumat yoxdur. Fəlakətdən əvvəl şəhərdə 100 minə yaxın insan yaşayırdı. Daha öncə liman şəhərinin meri Əbdülmenam Əl-Qaiti orada 20 minə yaxın sakinin öldüyünü, sadəcə olaraq cəsədlərinin hələ tapılmadığını və onların itkin düşənlər siyahısında olduqlarını bildirmişdi. Sky News media qurumunun Afrika müxbiri Yusra Elbagirin sözlərinə görə, Derna əhalisinin ən azı 20 faizi ölüb və ya itkin düşüb.
BMT-nin hesabatında həmçinin bildirilir ki, daşqınlar səbəbindən ən azı 40 min nəfər, o cümlədən 30 mini Derna sakini ölkənin şimal-şərqinə köçmək məcburiyyətində qalıb. Təşkilat qeyd edib ki, yol boyu zərər çəkmiş ərazilərin sakinləri torpaqdan yuyularaq su ilə aparılmış piyada əleyhinə minalar və digər sursatlarla xəsarət almaq təhlükəsi yaşayır.
BMT əlavə edib ki, 300 minə yaxın uşaq daşqınlardan zərər çəkib. Onların dizenteriya, vəbaya yoluxma və ya qida çatışmazlığı yaşama riski yüksəkdir.
Ölkədə daşqınlara güclü “Daniel” qasırğası səbəb olub. Nəticədə iki bənd partlayıb. BMT bildirib ki, Liviya səlahiyyətliləri təhlükə səviyyəsini vaxtında qiymətləndirsəydi və təxliyələrə başlasaydı, itkilərin çoxunun qarşısını almaq olardı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?