Moldova prezidenti Maya Sandu Rusiyanın ölkədə bir sıra telekanalların yayımına qadağa qoyulması ilə bağlı tənqidinə cavab verib.
Prezident deyib ki, onun ölkəsi "demokratiyanı Kremldən öyrənmir". Sandu xatırladıb ki, Avropa İttifaqında (Aİ) oxşar tədbirlər hətta məhkəmə prosesi aparılmadan da həyata keçirilir.
Onun sözlərinə görə, Moskvanın telekanalların bloklanmasından narazılığı təbəssüm yaradır, Rusiya Kişinyova demokratiya öyrətməməlidir.
"Biz beynəlxalq ictimaiyyətin və vətəndaşlarımızın fikirləri ilə maraqlanırıq. Biz söz azadlığını yüksək qiymətləndiririk. Bütün vətəndaşlar səhərdən axşama kimi kiminsə hökuməti tənqid etdiyini eşidə bilər. Şübhəsiz ki, Rusiyada bu yoxdur. Biz demokratiyanı Kremldən öyrənmirik", deyə Sandu bildirib
O vurğulayıb ki, Aİ-də telekanallar milli təhlükəsizliyə təhdid olduqda hüquqi prosesə müraciət etmədən birbaşa üsullarla sanksiyaya məruz qalır.
Bundan əvvəl Moldovanın baş naziri Dorin Reçean Fövqəladə Hallar Komissiyasının altı telekanalın lisenziyasını dayandırdığını açıqlamışdı. Söhbət "Orizont-TV”, ICTV, "Prime-TV”, "Publica-TV”, "Kanal-2”, "Kanal-3”dən gedir.
Daha əvvəl məlum olub ki, Moldova kəşfiyyatı Rusiyanın 20-dən çox onlayn mediasına girişi bloklamaq qərarına gəlib. Qara siyahıya Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (VGTRK), Mir, NTV, Rossiya Seqodnya, REN TV, Zvezda, Vesti, RTR-Planeta telekanallarının saytları daxil edilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Moldova hakimiyyətinin belə bir qərarını düşmənçilik addımı hesab edir.
Sorğu
Yeni dizaynımız necədir?