Gundemxeber.az » Dünya » Türkiyə PKK-nın bitirilməsi şərtini ABŞ-a qəbul etdirib - 20 milyardlıq sövdələşmənin sensasion pərdəarxası
Türkiyə Böyük Millət Məclisinin İsveçlə bağlı qərarından bir gün sonra ABŞ prezidenti Co Baydenin Konqresə və Senata Türkiyəyə F-16 satışına izn verilməsi xahişi ilə məktub göndərdiyi bildirilir. Məlumata görə, məktubda Türkiyəyə 40 yeni F-16 və 79 təyyarənin modernizasiyası üçün lazımi avadanlıqların satışına izn verilməsi xahiş olunur. ABŞ-ın Türkiyəyə satacağı təyyarə və avadanlıqların ümumi dəyəri 20 milyard dollar olacaq.
Türkiyə-ABŞ münasibətlərinin yeni mərhələyə adlamasını Musavat.com-a şərh edən siyasi şərhçi Heydər Oğuz qardaş ölkənin illərlə uğrunda çalışdığı hədəfinə çatdığını deyib:
“Əlbəttə ki, bu sevindiricidir. Amma İsveçin NATO-ya girməsi qarşılığında Ankaranın irəli sürdüyü çox daha böyük hədəfləri vardı: İsveç PKK-ya yardımları tamamilə dayandırmalı, bu ölkələrə sığınan terrorçuları təslim etməlidir”.
Türkiyənin tələblərinin birdən-birə dəyişməsi və F-16 satışına qədər endirilməsi ciddi uğur sayıla bilərmi?
Heydər Oğuzun fikrincə, əslində Türkiyə ABŞ-dan daha çox güzəşt ala bilib, sadəcə açıq şəkildə “bəyan edilənlər və edilməyənlər” var:
“Bilirsiniz ki, ötən ilin iyul ayında Livanın paytaxtı Vilnus şəhərində NATO-nun sammiti keçirildi. Sammitdən əvvəl Türkiyə Finlandiya və İsveçin alyansa üzv olmasına razılıq verməsi üçün bir sıra şərtlər irəli sürürdü. Bunlardan biri də PKK-ya dəstəyin sonlandırılması idi. Məlumdur ki, PKK-ya əsas dəstəyi verən ABŞ-dır. Türkiyə sanki bu şərtləri irəli sürərkən “qızım, sənə deyirəm, gəlinim, sən eşit” atalar sözünə istinad edirdi. Maraqlıdır ki, Vilnus sammitindən sonra həm Ərdoğanın, həm də ABŞ yetkililərin ritorikası dəyişdi. İsveçin NATO-ya üzvlüyü qarşılığında F-16 satışı şərti də məhz sammitindən sonra ortaya çıxdı”.
Vilnus sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-lı həmkarı ilə görüşdüyünü xatırladan Heydər Oğuzun fikrincə, bu görüşdə əldə olunan razılıqlar əsasında rəsmi ritorikalara korrektələr edilib:
“Sirr deyil ki, ölkə rəhbərlərinin bu kimi görüşlərində əldə olunan razılıqların hamısı ictimaiyyətə açıqlanmır. Bəzən əsl mətləblər gizli saxlanılır, qəsdən süni gündəm yaradılaraq diqqətlər başqa istiqamətə yönəldilir. Zənnimcə, Vilnus sammitində də belə olub. İki müttəqin ölkə rəhbəri böyük ehtimalla PKK-nın bitirilməsi üzərində də ümumi razılığa gəliblər. Yəqin ki, bu səbəbdən də Türkiyə Vilnus sammitindən sonra özünü çox rahat hiss edir, F-16-ların satın alınması məsələsini iki dövlət arasındakı ən böyük problem kimi ortaya qoyurdu”.
Həmsöhbətimiz fikrini son zamanlar Yaxın Şərqdə və Türkiyədə yaşanan hadisələrlə əsaslandırır:
“Bilirsiniz ki, Vilnus sammitindən sonra Türkiyə ilə Yunanıstan arasında ziddiyyətlər də ortadan qalxdı. Hətta Türkiyə Prezidenti Yunanıstana gedərək iki qonşu dövlət arasında dostluq münasibətlərini yenidən təsis etdi. Yunanıstanın ABŞ-ın əlində Türkiyəyə əsas təzyiq vasitəsi olduğunu nəzərə alsaq, bu yaxınlaşma təsadüfi sayıla bilməz. Görünən budur ki, ABŞ artıq Türkiyəyə təzyiq dilində danışmağa ehtiyac duymurdu”.
ABŞ-ın xarici siyasətlə məşğul olan böyük strateqləri tərəfindən yaradılan “Foreign Policy” dergisinin dünənki sayında dərc olunan “Amerika Suriyanı tərk edəcək və fəlakətə səbəb olacaq” sərlövhəli məqaləsinə diqqət çəkən siyasi şərhçi bildirdi ki, məqalədə Pentaqonun yaxın zamanlarda öz ordusunu Suriyadan çəkəcəyi iddiası irəli sürülür. Müdafiə və Dövlət Departamentlərindəki dörd mənbəyə istinad edilən məlumatda “Ağ Evin artıq lazımsız hesab etdiyi Suriyadakı missiyasının saxlanmasına investisiya qoymadığını” bildirilir.
Qeyd olunur ki, ABŞ öz ordusunu Suriyadan çəkdikdən sonra PKK-PYD-nin əsasında formalaşan Suriya Demokratik Gücləri çətin günlər yaşayacaq. Maraqlıdır ki, yenə ötən gün Vaşinqton mərkəzli “Al-Monitor” dərgisi də bənzər məlumat yayıb. Yaxın Şərqdə baş verən hadisələrin analizi ilə məşğul olan dərginin iddiasına görə, ABŞ öz qoşunlarını Suriyadan çəkməmişdən əvvəl kürd separatçıları ilə Bəşər Əsəd rejimi arasını düzəldəcək və onlar Suriyanın mərkəzində yenidən peyda olan İŞİD-ə qarşı birgə mübarizə aparacaqlar. Dərgi bu məlumatla bağlı SDG-nin lideri Məzlum Kobaninin mövqeyini soruşub.
Məzlum Kobani Pentaqonun bu planlarından xəbərsiz olduğunu bildirərək deyib: “Bunu ilk dəfədir sizdən eşidirəm. Əsəd rejimi ilə əlaqələrimizi nəzərə alsaq, bu mümkün deyil. Rejim kürdlərin də yer aldığı demokratik gələcək üçün hər hansı dialoq qurmaqdan imtina edir”.
Kobani həmçinin bildirib: “İŞİD hazırda Fərat çayının qərbində, Deyr əz-Zorda rejim bölgəsində geniş ərazilərə nəzarət edir və Dəməşqə gedən əsas yolda mövcuddur. Beynim qarışdı, bu rüsvayçı planın arxasında duran səbəbləri anlaya bilmirəm”.
Heydər Oğuzun fikrincə, Məzlum Kobaninin beynini qarışdıran bu məlumat da təsdiqləyir ki, ABŞ əslində Türkiyənin İsveç qarşılığında PKK-nın bitirilməsi şərtini də qəbul edib, amma indiyədək dəstəklədiyi kürd separatçılarından bu faktı gizlətmək üçün üzərində çox dayanmır.
20-07-2016, 18:02
5-01-2015, 01:45
9-10-2017, 17:37
18-05-2016, 12:24
23-10-2017, 16:25
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?