Türk dövlətləri arasındakı münasibətlərin daha da dərinləşdirilməsi bizim əsas prioritetlərimizdən biridir.
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Türk dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsi üçün hər birimiz əlimizdən gələni etməliyik. TDT qurulduğu gündən etibarən siyasi, iqtisadi, təhsil, mədəni, turizm, səhiyyə və digər bütün sahələrdə sıx əməkdaşlığı yaratmağı bacarıb. Türk dövlətləri arasındakı münasibətlərin daha da dərinləşdirilməsi bizim əsas prioritetlərimizdən biridir. Xüsusilə, “Türk dünyası vizyonu 2040” proqramı TDT-yə üzv dövlətlərin mədəni əlaqələrinin inkişafını özündə ehtiva edir. Lakin unutmaq olmaz ki, bu sahələrdə hələ atılmalı çox addımlar var", - o qeyd edib.
K.Ömüralıyev əlavə edib ki, türk mədəni irsini tanıtmaq üçün İSESCO ilə də əlaqələri genişləndirmək lazımdır: "Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin də dediyi kimi, biz birgə yaşamalı və birgə addımlamalıyıq. UNESCO-nun mədəni irsinə daxil edilməsi üçün bütün türk dünyasından olan dövlətlərin mədəni-tarixi abidələrini araşdırmalı və bunun üçün fəaliyyətimizi genişləndirməliyik".
Qeyd edək ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?