“Müstəqillik qazandıqdan sonra türk dövlətləri arasında yaxın münasibətlərin qısa vaxtda əmələ gələcəyini düşünürdük”.
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. Bunun səbəbləri haqqında danışan N. Cəfərov deyib ki, problemin əsas iki səbəbi var:
“Türk dövlətləri yeni müstəqillik qazanıblar. Əslində 22 il elə böyük tarix hesab olunmamalıdır. Bu ölkələrdə fərdi müstəqillik, maraq və hədəflər hələ daha güclüdür. Ona görə də qarşılıqlı münasibətlərdə həddindən artıq yaxınlaşmaq istəyi yoxdur. Sanki, türkdilli dövlətlər azadlığın ləzzətini tam almaq istəyirlər. Bu mənada müstəqillik hissi bu dövlətləri çox yaxınlaşmağa imkan vermir. Məncə, müəyyn dövrdən sonra bu məsələ aradan qalxacaq”.
N. Cəfərov qeyd edib ki, yaxınlaşmanın qarşısını alan digər səbəb isə beynəlxalq amillərdir: “Hər türk dövlətinin beynəlxalq münasibətlərdə müxtəlif dövlətlərlə bağlılığı var.
Bundan başqa beynəlxalq təşkilatların, birliklərin üzvləridirlər. Ona görə də daha çox orada, yəni beynəlxalq aləmdə böyük dövlətlərlə münasibətlərdə öz mövqelərini həll etmək istəyirlər. Bu münasibətlər də istər-istəməz türk dövlətlərinin tam yaxınlaşmasına mane olur. Yəni beynəlxalq maraqlar sferasında türkdilli ölkələr arasında hər halda maneələr var. Bu iki səbəbə görə hələ ki, türkdilli ölkələr istənilən şəkildə yaxınlaşa bilmir”. Onun sözlərinə görə, Türkmənistan və Özbəkistan hələ də Türkdilli Dövlətlərin Parlament Assambleyasına qoşulmayıb:
“Bu münasibətlərdə müxtəlif bəhanələr gətirilir, ehtiyyatlı davranış münasibətləri ortaya qoyulur. Yaxudda siyasi liderlərin münasibətləri də mühüm amillərdən biri də olur. Amma perspektiv kifayət qədər aydındır. Bütün bu və ya digər problemlərə baxmayaraq, tammüstəqil, yarımmüstəqil, öz dövləti olmayan türk xalqları arasında mədəni münasibətlər xeyli artıb”.
Humanitar sahədə yaxınlaşmanın yaradan problemlərə də toxunan millət vəkili qeyd edib ki, bütün bunlara baxmyaraq, ortaq əlifba, tədris və KİV-lərin yaradılmasından heç bir məqamda imtina olunmur:
“Özbəkistanın latın qrafikalı əlifbaya keçməsində problem qalmayıb və proses başlanıb. Qazaxıstan isə bu məslədə qərarı qətidir. Ancaq ölkədə slavyan mənşəli əhalinin çoxluğu bunu tədricən həyata keçirməyi zəruri edir. Qırğızıstanda da problem yoxdur. Tatarıstanda, Başqırsatanda da bu niyyət var. Amma problemlər mövcuddur və bu danılmazdır. Ölkələrin daxil olduqları müəyyən mədəniyyət sferası da problem kimi qəbul olunmalıdır. Amma bunlar aradan qalxmaqdadır. Ədəbi, mədəni, akademik əlaqələr səviyyəsində işlər gedir”.
N. Cəfərov ortaq təşkilatlanma məsələsinə də toxunub:
“Birləşdirici qurumların sayı artırılmalıdır. Belə olmazsa ümumtürk ideologiyası səviyyəsinə qalxa bilmərik. Bunun üçün isə cəmiyyətlərdə ümumtürk media, ədəbiyyat, təhsil təfəkkürü olmaldır. Azərbaycanın isə mövqeyi bu məsələlərdə yüksəkdir. Bu mövqeyi ona tarix və çoğrafiya amili verib”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?