"İraq və Suriyadakı terror bataqlığı təkcə bizim işimizlə deyil, hər iki ölkənin (Türkiyə və İraq - red.) administrasiyalarının birgə səyləri ilə qurudulacaq".
Gundemxeber.Az xəbər verir ki, bu sözləri 12 ildən sonra İraqa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan vurğulayıb ki, ayrı-seçkilik etmədən bütün terror təşkilatlarına qarşı fasiləsiz mübarizə davam etdirilir:
"Bildiyiniz kimi, xüsusilə İraq və Suriyada yerləşən PKK/PYD/YPG-yə qarşı mübarizəmiz uzun illərdir hərtərəfli şəkildə davam edir. Bundan sonra da bu, eyni qətiyyətlə davam edəcək. Bu mübarizə həm daxildə, həm də sərhədlərimizdən kənarda, beynəlxalq hüquq çərçivəsində və qonşularımızın ərazi bütövlüyünə hörmətlə davam etdiriləcək. Arzu edirik ki, qonşularımız öz torpaqlarından bizə yönələn təhdidlərə qarşı lazımi mövqe tutsunlar və bu mübarizəni birlikdə davam etdirək. PKK/PYD/YPG terror təşkilatı İraqın sabitliyi, inkişafı və sülhü üçün təhdiddir. Bu təhlükəni aradan qaldırmaq İraqın da marağındadır. İnanıram ki, onlar bu həqiqəti görürlər və indi bu problemi aradan qaldırmaq üçün öz iradələrini ortaya qoyacaqlar. İraqın inkişaf baxışı və beynəlxalq sərmayələrin təhlükəsizliyi üçün bu terror çuxurlarının düzəldilməsi və İraq üçün proqnozlaşdırıla bilən gələcəyin qurulması vacibdir".
Türkiyə lideri əlavə edib ki, terrorçuları məhv etməkdə qərarlıdırlar:
"Biz bu və ya digər şəkildə terroru məhv edəcəyik. Bu məsələdə qərarlıyıq. Meydanı heç vaxt terrorçulara və terror təşkilatları ilə əlbir olanlara, terror təşkilatlarını vasitə kimi istifadə edənlərə buraxmayacağıq".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?