Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Eldar Məhərrəmovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 27 dekabr 2008-ci il tarixdə Rusiyanın Moskva vilayəti, Klin şəhəri, Liteynaya küçəsi, ev 4, mənzil 201 ünvanında qeydə alınıb. Belə ki, Eldar Məhərrəmov kirayə qaldığı evdə sevgili münasibətində olduğu Ryabova (Şikanova) Yekaterina Nikolayevna ilə birlikdə olarkən, saat 20 radələrində onların mənzilinə qadının rəfiqəsi Saxobat Babayeva qonaq gəlib. O, həmin vaxt qonağın üzərində bir ədəd “Nokia 5310” markalı mobil telefon, qırx qramlıq kulonlu qızıl zəncir, on qramlıq qızıl zəncir, dəst sırğalar və zümrüdlü qızıl üzük, qızıl bilərzik, iki və ya üç üzük və on min Rusiya rublu nağd pulun olduğunu görüb. Sonra Eldar Saxobatın əmlakını ələ keçirmək məqsədi ilə onu qəsdən öldürmək qərarına gəlib və çəkiclə qadının üzərinə hücum edib. O, Saxobatın baş nahiyəsinə üç dəfə zərbə endirib, sonra boğaraq qətlə yetirib. Daha sonra Eldar qadının paltarlarını çıxarıb, meyiti hamam otağına aparıb, həyətə düşüb iki rulon zibil paketi və beş şüşə ağardıcı məhlul alaraq evə qayıdıb. O, bıçaqla cinayət əməlinin izlərini gizlətmək məqsədi ilə zərərçəkmiş şəxsin meyitini bıçaqla doğrayıb hissələrə ayırıb, altı ədəd paketə doldurub, yaxın həyətlərdə olan müxtəlif zibil qablarına atıb. Sonra Eldar qadının üzərindəki pul və əşyaları götürüb. Hadisədən 14 il sonra – 2022-ci ildə Eldar Məhərrəmov Bakıda saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxs qarşı 17 000 manat maddi və 83 000 manat mənəvi zərərə görə (cəmi 100 000 manat) tələbinə dair mülki iddiası qismən təmin olunub. Belə ki, maddi zərərə görə 1262,90 manat və mənəvi zərərə görə 10 000 manat məbləğində pul Eldar Məhərrəmovdan alınıb zərərçəkmiş şəxsin hüquqi varisi nəfinə ödənilməsi hökm olunub. Mülki iddia qalan hissədə təmin edilmədən rədd edilib./pravda.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?