Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) tərəfindən Rusiyanın Lipetsk vilayətinə kütləvi hücum həyata keçirilib.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Lipetsk vilayətinin rəhbəri İqor Artamonov “Telegram” kanalında bildirib.
“Lipetsk kütləvi PUA hücumuna məruz qaldı. Hava hücumundan müdafiə qüvvələri işləyir. Pəncərələrə yaxınlaşmayın. Təhlükəsiz yerlərə sığının”, - vilayət rəhbəri qeyd edib.
İqor Artamonov ilkin məlumatlara görə, PUA hücumunun 9 nəfərin yaralanması ilə nəticələndiyini bildirib. Qubernator qeyd edib ki, onların hamısı Lipetsk xəstəxanalarına yerləşdirilib. O, həmçinin vilayətdə qırmızı təhlükə səviyyəsinin qaldığını bildirib.
Digər tərəfdən, Lipetsk hərbi aerodromunda yanğın baş verib və enerji infrastrukturu obyekti zədələnib. Nəticədə, elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hücumla bağlı Lipetskdə fövqəladə vəziyyət elan edilib.
Vilayət rəhbəri təhlükəsizliyin təmin edilməsi üçün Koptsevı Xutora, Fedorovka, Yakovlevka, Tınkovka qəsəbələrinin sakinlərinin təxliyə edildiyini bildirib.
Ümumilikdə, Lipetsk vilayətində 416 ev təxliyə zonasına düşüb.
Giriş-çıxışlarda nəzarət buraxılış məntəqələri yaradılıb, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hücumu Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi də təsdiq edib.
Sorğu
Yeni dizaynımız necədir?