Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi tərəfindən Azərbaycana ekstradisiya məqsədi ilə barəsində həbs qətimkan tədbiri seçilən Azel.TV saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqov vəkili vasitəsi ilə Gürcüstan Miqrasiya Xidmətinə müraciət edib. O, Gürcüstan Miqrasiya Xidmətindən üçüncü ölkədə ona sığınacaq verilməsinə kömək etməsini xahiş edib.
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə vəkil Dimitri Dito Nozadze təcridxanada Əfqan Sadıqovla görüşündən sonra, avqustun 8-də Amerikanın Səsinə deyib. Vəkil deyib ki, hazırda Əfqan Sadıqovla Tbilisi Məhkəməsinin qərarı ilə bağlı apellyasiya məhkəməsinə hazırlaşırlar. O, Apellyasiya Məhkəməsinin qərarından asılı olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin reqlamentinin 39-cu qaydasına (müvəqqəti tədbirlər) uyğun olaraq Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib. Bu arada Əfqan Sadıqovun hazırda Tbilisidə yaşayan həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə deyib ki, həyat yoldaşı ilə görüşə bilmir, telefonla əlaqə saxlamağa imkan verilmir. “Mən və iki azyaşlı uşağım burada qorxu içərisində yaşayırıq. Gürcüstan bizim üçün təhlükəli ölkədir. Burada hər an izləndiyimizi hiss edirəm. Bu səbəblərdən Əfqanın həyatından çox narahatam. Heç olmasa bir dəqiqə həyat yoldaşımla telefonla danışıb onun vəziyyətini öyrənmək istəyirəm. Buna isə imkan vermirlər”, o qeyd edib. Vəkil Dimitri Dito Nozadze bununla bağlı Amerikanın Səsinin sualına cavabında deyib ki, hazırda Əfqan Sadıqovla bağlı sənədləşmə işləri bitmədiyindən onun telefon danışığı mümkün olmur. Əfqan Sadıqov avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb. Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi hakim Ketevan Caçvadzenin sədrliyi ilə jurnalist barəsində ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamı üzrə cinayət işi qaldırıldığı bildirilib. Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Gürcüstan hökumətini Sadıqovu ekstradisiya etməməyə və dərhal azadlığa buraxmağa çaırıb. Jurnalist ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib. Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb. 2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsxanada 242 gün aclıq edib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?