ABŞ HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İrandan İsrailə kütləvi hücum gözləyir...
Gundemxeber.az xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleykin sözlərinə görə, Vaşinqton regional müttəfiqlərindən Tehrana gərginliyin azaldılmasına təsir göstərməyi xahiş edib.
Ceff Fleyk bildirib ki, ABŞ Türkiyə və İranla əlaqəsi olan digər regional müttəfiqlərindən Tehranı Yaxın Şərqdə gərginliyi azaltmağa inandırmağa çağırıb.
"Biz Türkiyə də daxil olmaqla, İranla hər hansı əlaqəsi olan bütün müttəfiqlərimizdən onları (İran hakimiyyətini) gərginliyi azaltmağa inandırmalarını xahiş edirik", deyə səfir bildirib.
O, həmçinin türk diplomatlarının eskalasiyanın qarşısını almaq üçün mümkün olan hər şeyi etdiklərini deyib və əlavə edib ki, görünür, heç bir gərginliyin olmayacağına bizdən daha əmindirlər. Fleykin sözlərinə görə, bu gün ABŞ və Türkiyə arasında münasibətlər hər zamankından daha yaxşı vəziyyətdədir.
Yaxın Şərqdə eskalasiyanın növbəti mərhələsi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra baş verib. O, iyulun 31-nə keçən gecə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə gəldiyi Tehrandakı iqamətgahında öldürülüb. Ondan əlavə, son həftələrdə HƏMAS-ın daha bir neçə yüksək rütbəli lideri məhv edilib.
Haniyənin ölümünü şərh edən İranın ali dini lideri Ayətullah Əli Xamenei "İslam Respublikası ərazisində şəhid olanın qanının qisasını almağı" dövlətin vəzifəsi adlandırıb və İsraili "ağır cəza" ilə hədələyib.
Axios mənbələrə istinadən xəbər verir ki, İsrail kəşfiyyatı avqustun 15-də baş tutacaq İsrail-HƏMAS danışıqlarından əvvəl İranın hücumunu gözləyir. Fox News-un avqustun 12-də verdiyi məlumata görə, hücum yaxın 24 saat ərzində baş verə bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?