Siyasətçinin sözlərinə görə, narkotacirlər yaşadıqları həyat boyu 500 adamın ölümünə səbəb olur.
Donald Tramp ABŞ-da prezident seçkilərində qalib gələcəyi təqdirdə, vəzifədə olduğu ilk gündə Ədliyyə Nazirliyinin edamlara dair moratoriumunu ləğv edəcəyini və qanunun bütün gücünü iri narkotacirləri və hüquq-mühafizə orqanlarının qatillərini təqib etmək üçün istifadə edəcəyini söyləyib. Gundemxeber.az bildirir ki, bu barədə Rusiya mediası ABŞ-ın sabiq prezidentinin sözlərinə istinadən xəbər verib.
"Əlbəttə ki, mən bunu edərdim. İri narkotacirlərin və insanları vəhşicəsinə öldürən insanların edam edilməsini əmr edərdim", – siyasətçi bildirib. Tramp Meksika ilə sərhəddə olub, orada kartellərin və qaçaqmalçıların vurduğu ziyandan danışıb. Onun sözlərinə görə, ABŞ-a insanları "namərdcəsinə və vəhşicəsinə" öldürən və "onları zibil qutularına dolduran" "başkəsənlər və miqrantlar" gəlir. Siyasətçi iddia edir ki, yüzlərlə insanın ölümündə narkotik satıcılarının günahı var. "Orta hesabla bir narkotacir yaşadığı həyat boyu 500 adamın ölümünə səbəb olur. Əgər narkotik epidemiyasını dayandırmaq istəyirsinizsə, edam cəzası tətbiq edilməlidir", - Ağ Evin keçmiş rəhbəri qeyd edib. Xatırladaq ki, Tramp administrasiyası 2019-cu ildə federal edam cəzasının tətbiqini bərpa edib. Nəticədə 13 federal məhbus edam edilib, lakin 2021-ci ilin iyul ayında Baş prokuror Merrik Qarland bu qanunun ləğv olunduğunu elan edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?