Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz hazırda elektrik kəsintiləri ilə yanaşı ciddi benzin çatışmazlığı yaşayır.
Yerli medianın yaydığı məlumatlara görə, şəhərdə bir çox yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb, vətəndaşlar isə yanacaq təchizatı ilə bağlı problemlərlə üzləşib.
Təbriz Neftayırma Zavodu vilayətin yanacaq tələbatını qarşılamaq gücündə deyil. Şərqi Azərbaycan vilayətinin Milli Neft Məhsullarının Paylama Şirkətinin direktoru Nasir Raşidi bildirib ki, zavodun istehsal etdiyi benzin vilayətin gündəlik ehtiyaclarını təmin etmək üçün yetərli deyil. Onun sözlərinə görə, hazırda vilayətdə gündəlik bir yarımdan iki milyon litr benzin çatışmazlığı yaşanır.
Raşidi əlavə edib ki, mərkəzi hökumət İsfahandan vilayətə benzin idxal edilməsi göstərişi verib. Lakin "neft tankerlərinin çatışmazlığı" səbəbindən bu idxal prosesi ləngiyir. O vurğulayıb ki, İsfahandan lazımi miqdarda benzin daşınması üçün hər gün 240 neft tankeri tələb olunur. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir.
Təbriz sakinləri elektrik kəsintilərinin tez-tez yaşandığı bir vaxt yeni bir problem olan benzin qıtlığı ilə qarşılaşır. Şəhərdə gündəlik həyat sakinlər üçün çətinləşib.
Bununla yanaşı, Nasir Raşidi açıqlamasında bildirib ki, benzin qıtlığının əsas səbəbi yay tətilinin başa çatması, benzinin bahalaşacağı barədə yayılan şayiələr və yeni dərs ilinin başlanması ilə əlaqədardır. O, yaxın iki-üç gün ərzində bu problemin həll olunacağına ümid etdiyini qeyd edib.
Bəzi mütəxəssislər və siyasi fəallar belə hesab edirlər ki, ölkənin fərqli bölgələrində qeyri-bərabər inkişaf və fərqli bölgələr üçün düzgün planlaşdırmanın aparılmaması, həmçinin bəzi bölgələrdə enerji sektoruna kifayət qədər investisiya qoyulmaması bu cür problemlərin əsas səbəblərindən biridir.
Ümumiyyətlə, İran Azərbaycanının vilayətlərində hərtərəfli enerji təchizatı, o cümlədən elektrik enerjisi, su və təbii qaz təchizatı problemi ilə üzləşir.
İran Azərbaycanında enerji böhranı qeyri-bərabər inkişaf səbəbindən dərinləşib. Bütün ölkə üzrə enerji təchizatı infrastrukturunun köhnəlməsi və müasir texnologiyaların yetərsiz tətbiqi enerji çatışmazlığına səbəb olur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?