İsrail ordusu cümə axşamı Qəzza zolağında üç silahlını hədəf aldığı əməliyyatdan sonra HƏMAS lideri Yəhya Sinvarın öldürülməsi ehtimalını araşdırdığını bildirib. Bəyanatda "Hazırda terrorçuların kimliyini təsdiqləmək mümkün olmayıb" deyilib.
İsrailin dediyinə görə, üç militantın öldürüldüyü binada girovların olduğuna dair heç bir əlamət olmayıb.
Qəzza müharibəsinə səbəb olan 2023-cü il oktyabrın 7-də İsrailə hücumun baş memarı Sinvar, o vaxtkı lider İsmayıl Haniyənin avqust ayında Tehranda öldürülməsindən sonra HƏMAS-a lider seçilmişdi. İran Haniyənin qətlində İsraili günahlandırır.
Bu arada, Qəzzanın şimalındakı səhiyyə rəsmiləri cümə axşamı İsrail hava qüvvələrinin məcburi köçkün fələstinlilər üçün sığınacağa çevrilən məktəbə hava hücumu nəticəsində 5-i uşaq olmaqla, azı 14 nəfərin öldüyünü bildirib.
İsrail ordusu bildirib ki, onların hədəfi İsrail qüvvələrinin bir həftədən artıqdır hava və qurudan hücumlar həyata keçirdiyi Cəbəliyədəki məktəbə toplaşan onlarla HƏMAS və İslami Cihad döyüşçüsü olub.
İsrail hərbçiləri ərazidə militant kimi tanıdığı onlarla insanın adı olan siyahını təqdim etsə də, həmin adları dərhal dəqiqləşdirmək mümkün olmayıb.
Səhiyyə Nazirliyinin Qəzzanın şimalındakı təcili yardım şöbəsinin rəhbəri Faris Əbu Həmzə ölənlərin sayını təsdiqləyib və onlarla insanın yaralandığını bildirib. Onun sözlərinə görə, yaralılar yaxınlıqdakı Kamal Ədvan xəstəxanasında müalicə edilir.
O, "Çox sayda qadın və uşaqların vəziyyəti ağırdır" deyib.
HƏMAS-ın rəhbərlik etdiyi militantlar bir il əvvəl, oktyabrın 7-də İsrailin cənubuna hücum edərək, əksəriyyəti mülki şəxs olmaqla, 1200-ə yaxın insanı qətlə yetirib, 250-yə yaxın insanı girov götürüb.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab hücumu nəticəsində 42 mindən çox fələstinli ölüb. İsrail ordusu ölənlər arasında minlərlə militantın olduğunu bildirib.
Sorğu
Yeni dizaynımız necədir?